İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. 2021/2022-ci tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflər təşkil edilsin.
2. Yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etsinlər.
3. İnsan resursları şöbəsi (E.Bağırov) həmin ümumi təhsil müəssisələrinə xüsusi təhsil üzrə mütəxəssislərin işə götürülməsinə nəzarət etsin.
4. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müəyyən olunmuş məktəblərin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaqlar üçün müyəssərliyi ilə bağlı tədbirlər görsün.
5. Müəyyən olunmuş məktəblərlə işin təşkili və koordinasiyası Azərbaycan Respublikası Təhsil İnstitutuna ( R.Əzizov) tapşırılsın.
6. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə edilsin.
Əsas: Nazir müavini F.Qurbanovun 04.06.2021-ci il tarixli, 1-03-2919 nömrəli xidməti məlumatı. Azərbaycan Respublikası təhsil nazirinin 05.02.2021-ci il tarixli F-34 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Fəaliyyət Planı”
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
2 iyul 2021-ci il
F-312