Əmrdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.02.2016-cı il tarixli 84 nömrəli əmri ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxılması üçün Nazirliyin Apellyasiya Şurası yaradılmış və tərkibi təsdiq edilmişdir. Şuranın tərkibi sədr və 6 üzvdən ibarətdir. Ölkə başçısının müvafiq sərəncamı ilə Apellyasiya Şurasının sədri, nazir müavini C.Bayramov təhsil naziri, habelə aparılmış kadr islahatları nəticəsində Şuranın 3 üzvü digər qurumlarda müxtəlif vəzifələrə təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının tərkibinə yenidən baxılması və müvafiq dəyişikliklərin aparılması zərurəti yaranmışdır.
Eyni zamanda ölkə başçısının 27.12.2017-ci il tarixli 1767 nömrəli Fərmanı ilə mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxmaq səlahiyyəti verilmişdir.
Göstərilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Apellyasiya Şurasının yaradılması barədə” 16.02.2016-cı il tarixli 84 nömrəli əmrində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “şikayətlərə” sözündən sonra “, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə” sözləri əlavə edilsin.
1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Apellyasiya Şurasının tərkibi aşağıdakı kimi müəyyən edilsin:
Şuranın sədri:
Firudin Qurbanov — təhsil nazirinin müavini.
Şuranın üzvləri:
Muxtar Məmmədov – Aparatın rəhbəri;
Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;
Anar Cəfərov – nazirin müşaviri;
Famil Mustafayev – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru;
Sübhi Kazımov – Hüquq şöbəsinin müdiri;
Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdir əvəzi.”
Əsas: Aparat rəhbəri M.Məmmədovun təqdimatı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 iyul 2018-ci il
F-481