Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Doktorantların və gənc tədqiqatçıların apardığı elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu bəndini rəhbər tutaraq əmr edirəm:
1. Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı 2024-cü il 10-11 dekabr tarixlərində Sumqayıt Dövlət Universitetində keçirilsin, konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilsin.
2. “Konfransın Təşkilat komitəsinin tərkibi" və "Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
3. Ali təhsil müəssisələrinin rektorları və elmi-tədqiqat institutlarının direktorları doktorantların və gənc tədqiqatçıların məruzə və tezislərini 2024-cü il 10 noyabr tarixinədək Əlavə 2-də qeyd edilən qaydada Sumqayıt Dövlət Universitetinə təqdim edilməsini təmin etsinlər.
4. Sumqayıt Dövlət Universiteti (Rüfət Əzizov) konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratsın, konfransın proqram və materiallarının nəşr edilməsini və konfransın nəticələri barədə Elm və Təhsil Nazirliyinə hesabatın təqdim olunmasını təmin etsin.
5. Elm və ali təhsil siyasəti şöbəsi (Turxan Süleyman) və Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) konfransın keçirilməsi ilə əlaqədar lazımi dəstək göstərsinlər .
6. Maliyyə şöbəsi (Rauf Orucov), Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) konfransın keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsinlər.
7. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) əmrin çoxaldılıb ali təhsil müəssisələrinə və elmi-tədqiqat institutlarına göndərilməsini təmin etsin.
8. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
8 oktyabr 2024-cü il
3-29/3-2-673F/2024