Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili kütləvi informasiya vasitələri ilə əlaqələrin daha səmərəli qurulması zərurətini yaratmışdır.
Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır.
Təhsil Nazirliyinin fəaliyyəti, Nazirlik daxilində üfüqi informasiya mübadiləsinin təmin edilməsi, ölkənin təhsil həyatında baş verən yeniliklər, həyata keçirilən islahatlar haqqında ictimaiyyətə və kütləvi informasiya vasitələrinə məlumatların operativ və sistemli şəkildə çatdırılmasının təmin olunması, media ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.Təhsil Nazirliyinin bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən kütləvi informasiya vasitələri ilə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız Nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilsin.
2.Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təhsil sahəsinə dair böyük ictimai maraq doğuran normativ-hüquqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.
3.Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumlar üzrə müəyyənləşdirilmiş şəxslər (əlavə 1) bu əmrin 2-ci bəndində qeyd olunan məsələlər barədə müvafiq məlumatların hazırlanaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etsinlər.
4. İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna (C.Valehov) tapşırılsın ki:
4.1.Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin etsin.
4.2.Nazirliyin fəaliyyəti ilə bağlı media monitorinqin aparılmasını və media planın hazırlanmasını həyata keçirsin.
4.3.Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin.
4.4.Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin təşkilinin təhlil olunmasını və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini təmin etsin.
4.5.”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında cəmiyyətdə aydın təsəvvürün yaradılması məqsədilə kütləvi informasiya vasitələrində çıxışlarının təşkil olunmasını təmin etsin.
4.6.Nazirliyin struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü müvafiq iclasın təşkil olunmasını və həmin iclas barədə qısa xülasənin hazırlanmasını təmin etsin.
5.Daxili informasiya mübadiləsinin yaradılması məqsədi ilə hər həftənin cümə günü təşkil olunan iclasda Nazirliyin hər bir struktur bölməsi üzrə müəyyənləşdirilmiş şəxslərin (əlavə 2) iştirakı təmin olunsun.
6.İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb Nazirliyin bütün struktur bölmələrinə çatdırılmasını və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
7.Əmrin icrasına nəzarət təhsil nazirinin müavini C.Bayramova həvalə edilsin.
Əsas: İnformasiya şöbəsinin müdirinin təqdimatı
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 dekabr 2013-cü il
№937
Əlavə: