"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə ", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi " və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 9 aprel tarixli 79 nömrəli qərarı) ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3.1-ci və 1.3.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
"1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinin, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, habelə təhsil müəssisələrinin dövlət reyestri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar, xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır;
1.3.2. kommersiya hüquqi şəxslərinin dövlət reyestri Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə həmin Nazirliyə bilavasitə tabe olan vergi orqanlarının bu Qaydalara uyğun tərtib etdikləri reyestrlərin məlumatları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin informasiya sistemində elektron daşıyıcılarda mərkəzləşdirilmiş qaydada tərtib edilir;";
1.2. 2.6-cı bəndin ikinci yarımbəndi ləğv edilsin;
1.3. 4.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"4.9. Dövlət reyestr kitabının tətbiq edilməsi məsələləri ilə bağlı dövlət qeydiyyat orqanlarına metodiki rəhbərliyi qeyri-kommersiya qurumları və təhsil müəssisələri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya qurumları üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dini qurumlar üzrə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirirlər.";
1.4. 4.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
"4.12. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabına daxil edilən məlumatlar bu məlumatların əks etdirilməsi üçün ayrılmış bölməyə yerləşmirsə, həmin bölməyə əlavə vərəqlər tikilməlidir. Əlavə edilmiş vərəqin yuxarı sağ hissəsində qurumun qeydiyyat nömrəsi və qeydiyyat tarixi və əsas səhifənin nömrəsi göstərilməklə hərflərlə sıralanmalıdır. Belə əlavələr edildikdə, reyestri aparan şəxs reyestr kitabının xüsusi qeydlər üçün ayrılmış hissəsində müvafiq əlavə barəsində qeyd yazmalıdır.";
1.5. 5-ci hissədə:
1.5.1. adı aşağıdakı redaksiyada verilsin:
"Qurumların qeydiyyat (reyestr) nömrəsi";
1.5.2. 5.1-ci bənddə "qeyri-kommersiya qurumuna və təhsil müəssisəsinə" sözləri "qurumlara" sözü ilə əvəz edilsin;
1.6. 6.5-ci bəndin birinci cümləsində "verilə bilər" sözləri "verilir" sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 22 may 2012-ci il
№ 118