Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsilli kadrlara olan tələbatın daha dolğun ödənilməsi məqsədi ilə
QƏRARA ALIRAM:
1. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral 2012-ci il.
