Azərbaycan Respublikası müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən və respublika müdafiə sənayesi kompleksinin yüksəkixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin aidiyyəti nazirliklərlə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsinin və müvafiq kafedraların Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada yaradılmasına razılıq verilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
2.1. "Xüsusi texnika və texnologiya" fakültəsinin Əsasnaməsinin müəyyən olunmuş qaydada hazırlanıb təsdiq edilməsini təmin etsin;
2.2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə "Xüsusi texnika və texnologiya" fakültəsində kadr hazırlığı aparılacaq ixtisaslar üzrə təkliflərini hazırlayıb, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.3. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə fakültənin müvafiq profil kafedralarının müasir tələblərə uyğun maddi-texniki bazasının yaradılması, eləcə də fakültədə tədris prosesinin təşkili və aparılması, tədris-metodiki vəsaitlərlə təmin olunması ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müdafiə sənayesi kompleksinin tələbatını nəzərə almaqla, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri əsasında müvafiq ixtisaslar üzrə dövlət sifarişi ilə Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsinə tələbə qəbulunun proqnozunu müəyyənləşdirsin.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə
Bakı şəhəri,
7 iyun 2011-ci il
№ 91