2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2024-cü ilin may ayının 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə may ayının 3-dən başlanılsın.
3. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki:
3.1. 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyalarını təşkil etsin;
3.2. şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsini təmin etsin.
4. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq edilsin (Əlavə 1).
5. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılsın.
6. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev) müsahibə komissiyalarının üzvlərinə təlimlərin keçirilməsini təmin etsin.
7. Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsi (Rauf Orucov), Təhsilin iqtisadiyyatı şöbəsi (İlqar Bayramlı) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təklifləri əsasında müsahibə və apellyasiya komissiyalarına cəlb olunmuş heyətin əməyinin qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.
8. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) birinci siniflərə uşaqların qəbulu ilə bağlı müsahibələrin videoçəkilişinin aparılması üçün kameraların və ehtiyaclara uyğun digər texniki təchizat vasitələrinin alınmasını həyata keçirsin, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) kameraların quraşdırılmasını təmin etsin.
9. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinin gedişatı ilə bağlı may ayından etibarən ayda bir dəfə olmaqla müvafiq hesabat təqdim etsin.
10. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
11. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) və Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) qeyd olunan müddət ərzində bütün kommunikasiya kanalları vasitəsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavablandırılmasını təmin etmək məqsədilə işçi qrupu yaradılmasını təmin etsinlər.
12. Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin ümumi təhsil müəssisələrinə və nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
13. İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) birinci sinfə şagird qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
14. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
17 aprel 2024-cü il
3-29/3-2-190F/2024