2023/2024-cü tədris ilinin başlanması barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
2022/2023-cü tədris ilində ümumi təhsil sahəsində görülmüş işlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 fevral tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlasın, 14 iyun 2024-cü il tarixdə başa çatsın.
2. 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunsun.
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması, Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbələrinə (Elnur Əliyev, Vəfa Yaqublu), Uşaqların Müdafiəsi İdarəsinə (Məlahət Hacıyeva), Azərbaycan Respublikasının Təhsil İnstitutuna (Rüfət Əzizov) tapşırılsın ki, 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı yerlərdən daxil olan problem və təklifləri ümumiləşdirib Nazirliyin rəhbərliyinə təqdim olunmasını təmin etsinlər.
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələri aşağıda qeyd olunan əlavə tədbirlər əhatə olunmaqla fəaliyyət planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlasınlar:
4.1. 2022/2023-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi;
4.2. Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi;
4.3. tabeliklərindəki ümumi təhsil müəssisələrində təhsilalanların illik qiymətləndirmələrinin, buraxılış imtahanlarının, fənn olimpiadalarının nəticələrinin məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun qərarların qəbul edilməsi;
4.4. şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi;
4.5. şagirdlərin dərslərə müntəzəm davam etmələrini nəzarətdə saxlamaqla şagird davamiyyətinin qeydiyyat və hesabatlılığının vaxtında düzgün aparılmasının təmin edilməsi;
4.6. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş layihələrin (STEAM, Rəqəmsal bacarıqlar və başqa) icrasına, “Ortaq türk tarixi”, “Zəfər tarixi” kurslarının təşkilinə, ümumtəhsil məktəblərində icbari təhsildən kənarda qalan şagirdlərlə işə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi;
4.7. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2023-cü ilin dekabr və 2024-cü ilin iyun ayında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla hesabat təqdim edilməsi.
5. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, Elm və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
6. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
11 sentyabr 2023-cü il
3-29/3-2-548F/2023