2022/2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. 2022/2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2022-ci ilin may ayının 4-dən, məktəb seçimi prosesinə may ayının 6-dan başlanılsın.
3. Birinci siniflərə şagird qəbulu ilə bağlı prosesin əlaqələndirilməsi və səmərəli təşkil edilməsi məqsədilə yaradılmış işçi qrupunun tərkibi təsdiq olunsun (əlavə olunur).
4. 2022/2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təhsili idarəetmə orqanları tərəfindən peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə komissiyaları təşkil olunsun.
5. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılsın.
6. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (E.Əliyev) ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesinin gedişatı ilə bağlı may ayı ərzində iki dəfə, sonrakı aylarda isə bir dəfə olmaqla müvafiq hesabat təqdim etsin.
7. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (E.Əliyev), Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (V.Xanlarov) bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etsinlər.
8. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin surətinin ümumi təhsil müəssisələrinə və Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) birinci sinfə şagird qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının Təhsil naziri
26 aprel 2022-ci il
F-216