Təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və servisin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə Təhsil Nazirliyinin 19 avqust 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş Fəaliyyət Planının 2.2 və 2.3-cü bəndlərinin icrası məqsədilə
ƏMR EDİRƏM
1. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S. Məmmədov) təhsil prosesində İKT-dən effektiv istifadə edilməsini, yararsız vəziyyətdə olan İKT avadanlıqlarının təmir edilməsini və onlardan istifadə müddətinin uzadılmasını təmin etmək üçün təhsil müəssisələrinə verilmiş İKT avadanlıqlarına texniki nəzarətin və servisin təşkili istiqamətində tədbirlər görsün.
1.1. Nəzərə alınsın ki, təhsil müəssisələrində İKT avadanlıqlarına və proqram təminatına texniki nəzarət və servisin təşkili dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə müqavilə əsasında fəaliyyət göstərən ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir.
1.2. Təhsil müəssisələrində İKT avadanlıqlarına və proqram təminatına texniki nəzarət edən və servisin təşkilini həyata keçirən təşkilatlar aşağıdakı tələblərə cavab verməlidirlər:
maddi-texniki bazaya malik olmalı;
ixtisaslı (sertifikatlı) kadrlara malik olmalı;
regionlar üzrə ofisləri (və ya nümayəndələri) olmalıdır.
2. Təhsil müəssisələrində İKT avadanlıqlarına və proqram təminatına texniki nəzarət və servisin təşkili üzrə qaydalar təsdiq edilsin (1 saylı Əlavə).
3. Təhsil müəssisələrində İKT avadanlıqlarına, proqram təminatına texniki nəzarət və servisin təşkili üzrə Reqlament təsdiq edilsin (2 saylı Əlavə).
4. Təhsil müəssisələrində İKT avadanlıqlarına, proqram təminatına texniki nəzarət və servisin təşkili üzrə servis təşkilatı tərəfindən göstərilən xidmətlər və işlərin təhvil-təslim aktlarının nümunəvi formaları təsdiq edilsin (3 və 4 saylı Əlavələr).
5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi servis xidmətlərini həyata keçirən təşkilatların fəaliyyətinin əlaqələndirilməsini, İdarənin Qaynar Xətt xidmətlərinə daxil olan müraciətlərin servis təşkilatları tərəfindən icrasını təmin etsin.
6. Rayon (şəhər) təhsil şöbələri və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi servis təşkilatlarına müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi və təhsil müəssisələrinin İKT üzrə məsul şəxslərinə (laborantlara) profilaktik texniki nəzarətin və servisin təşkili ilə bağlı təlimlərin keçirilməsi üçün lazımi şərait yaratsın və köməklik göstərsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində, nazirliyin “Təhsil xəbərləri” məcmuəsində və Təhsil Nazirliyinin rəsmi İnternet saytında dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 218 nömrəli, 19 noyabr 2009-cu il tarixli müvafiq dərkanarlı məktubu.
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
18 may 2010-cu il,
Azərbaycan Respublikasının
təhsil naziri
18 may 2010-cu il,
№ 592