Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2019-cu ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq
ƏMR EDİRƏM:
1.Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2019-cu ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rəhbərləri:
2.1. 2019-cu ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.
2.2. Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ali təhsil müəssisələrinin 2019-cu ilə təsdiq olunmuş gəlir və xərclər smetalarının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin.
2.3. 2019-cu ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə (hər bir konfrans keçirildikdən 5 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (Elnur Məmmədov) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti struktur bölmələrə, ali təhsil müəssisələrinə və digər aidiyyəti qurumlara çatdırılmasını, keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.01.2019-cu il tarixli, 10/4-30 nömrəli razılıq məktubu və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 fevral 2019-cu il
F-69