• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur.

İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə

 

QƏRARA ALIRAM:

 

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 yanvar 2019-cu il.