Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir.
Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.
Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasının təkmilləşdirilməsi və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədi ilə
QƏRARA ALIRAM:
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası iki ay müddətində:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.