Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə 1, 2, 3).
3. Müsabiqənin keçirilməsi və qaliblərin seçilməsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən həyata keçirilsin.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
8. Müsabiqənin seçim turlarında və qaliblərin yekun konsertində iştirak edəcək iştirakçılar və onları müşayiət edəcək şəxslərin ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.
9. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əsasnamə ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Təhsil Nazirliyinin 15.01.2018-ci il tarixli, F- 44 nömrəli “İş planının təsdiq edilməsi barədə” əmri.
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
13 aprel 2018-ci il
№ F-252
Əlavə: