Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə
QƏRARA ALIRAM:
1. Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2018-ci il.