• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. 2018-ci il 14-16 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” VII Respublika Müsabiqəsi keçirilsin.

2. Ümumi təhsil müəssisələrinin direktorları:

2.1. 2017-ci il 1 oktyabr tarixindən etibarən şagirdlərin sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimində qeydiyyatdan keçirilməsini təşkil etsinlər;

2.2. 2017-ci ilin 1 dekabr tarixinədək şagirdlər tərəfindən aparılan tədqiqatların başa çatdırılmasını və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasını təmin etsinlər;

2.3. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin 2018-ci il 15 yanvar tarixinədək onlayn qeydiyyatdan keçmələrini  təmin etsinlər.

3. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki Universiteti (X.Yahudov), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (M.Babanlı), Sumqayıt Dövlət Universiteti (E.Hüseynov) və Naxçıvan Dövlət Universitetinə (S.Məhərrəmov) tövsiyə edilsin.

4. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəsissələrində müsabiqənin təşkili ilə bağlı məsələlərin həlli Naxçıvan Muxtar Respublikasının təhsil naziri M.Qəribova həvalə edilsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə və Sumqayıt şəhərlərinin təhsil idarələrinə, şəhər (rayon) təhsil şöbələrinə müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin genişləndirilməsi və müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılsın.

6. Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri, müsabiqənin direktoru (Y.Piriyev):

6.1. Müsabiqənin həmtəşkilatçısı olan nazirlik və təşkilatçıların birgə qərarının layihəsini hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin;

6.2. Müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təsdiq üçün təqdim etsin.

6.3. Müsabiqənin yüksək səviyyədə keçirilməsi ücün hazırlıq işlərini həyata keçirsin;

6.4. Müsabiqənin Təlim Akademiyasının təşkili və treninqlərin keçirilməsini təmin etsin;

6.5. Müsabiqənin keçirilməsi ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

7. Təhsilin inkişafı proqlamları şöbəsinə (E.Əmrullayev) müsabiqədə layihələrin qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsinə köməklik göstərilməsi tapşırılsın.

8. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin keçirilməsi ilə bağlı müvafiq mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

9. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

10. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (A.Abuşov) müsabiqəyə texniki dəstəyin verilməsini (müvafiq elektron xidmətlərin göstərilməsi) təmin etsin.

11. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını  təmin etsin.

12.  Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.

Əsas: nazir müavini C.Bayramovun təqdimatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

29 sentyabr 2017-ci il

№317