Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması, xarici ölkələrin müvafiq qurumlarından daxil olan sorğuların cavablandırılması işinin səmərəli təşkili, prosedurların asanlaşdırılması və bu işdə operativliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nı və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci və 13.6-cı bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunsun.
2. Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə aşağıdakı məzmunda yeni bəndlər əlavə edilsin:
“7.5. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyada nəzərdə tutulmuş Milli Məlumat Mərkəzi funksiyalarını həyata keçirir;
8.24. təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirir;
8.25. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyaya qoşulmuş ölkələrin aidiyyəti qurumlarına Azərbaycan Respublikasının qanunvericiliyi və təhsil sistemi barədə məlumatların verilməsini təmin edir.”
3. İnformasiya şöbəsi (E. Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət Nazir müavininə (M. Eynullayev) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
24 iyul 2017-ci il
№220