• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin məzmununun, infrastruktur və idarəetmə sisteminin yenidən qurulması, onun cəmiyyətin ehtiyac və tələbatlarına uyğunlaşdırılması prioritet istiqamət kimi vacib amillərdən hesab edilir.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Metodik Mərkəzin fəaliyyəti təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi baxımından aktuallıq kəsb etmir və ümumtəhsil məktəblərinin zəruri ehtiyaclarını ödəmir. Bu baxımdan təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə mentorluq dəstəyinin göstərilməsi zəruridir.

Dünya ölkələrinin uğurlu təcrübəsi göstərir ki, məktəblərə mentorluq dəstəyi həm fənn əsaslı, həm də təlim prosesinin hər bir komponenti nəzərə alınmaqla təşkil edilməlidir. Bu sahədə müasir yanaşmaları nəzərə alaraq ümumtəhsil müəssisələrinə göstərilən mentorluq dəstəyinin məzmunu və təşkilati-struktur forması dəyişdirilərək daha səmərəli modeli yaradılmalıdır.

Qeyd edilənləri nəzərə alaraq “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzi ləğv edilsin və mövcud əməkhaqqı fondu çərçivəsində 79 ştat vahidi ilə  Təlimə Dəstək Mərkəzi yaradılsın.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılsın ki:

2.1. “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin Əsasnaməsi”ni və ştat cədvəlini təsdiq etsin;

2.2. Təhsil Nazirliyinin İnsan resursları şöbəsi ilə birlikdə sərbəstləşən işçilərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mövcud  imkanlar daxilində müvafiq işlə təmin edilmələri istiqamətində zəruri tədbirlər görsün;

2.3. Ştat cədvəlinə uyğun olaraq yeni yaradılmış Mərkəzə işçilərin qəbulunun  Əsasnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etsin;

2.4. Metodik Mərkəzin inventar və avadanlığının Təlimə Dəstək Mərkəzinin istifadəsinə verilməsini təşkil etsin.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc   olunmasını,  Nazirliyin internet saytında yerləşdirilməsini və çoxaldılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilsin.

Əsas: BŞTİ-nin müdiri M. Vəliyevanın məktubu.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

27 oktyabr 2016-cı il

702