Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklərin pedaqoji kollektivlərə və valideynlərə çatdırılması üzrə tədbirlər görsünlər, bununla əlaqədar yerli KİV-lərdə ictimaiyyətə məlumat verilməsini təmin etsinlər.
2.2. Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun avqustun 15-dən sentyabrın sonunadək aparılmasını nəzərdə tutsunlar.
2.3. Məktəbəhazırlıq qrupları təşkil olunacaq məktəblərdə sənədlərin qəbul günləri və saatları, tələb olunan sənədləri, sənədləri qəbul edən şəxsin adı, soyadı və telefonlarını, açılacaq qrupların sayını, eləcə də tədris dilini (dillərini), məşğələlərin başlanıb başa çatmasını, nümunəvi ərizə formasını əhatə edən məlumatların məktəbin əsas giriş qapısının qarşısında yerləşdirilməsini təmin etsinlər.
2.4. Məktəbəhazırlıq yaşına çatmış uşaqların sayı müəyyən edilmiş normadan az olduğu yaşayış məntəqələrində həmin uşaqların məktəbəhazırlıq təhsilinə cəlbi ilə bağlı Təhsil Nazirliyinin ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə müvafiq tədbirlər görsünlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) KİV-lərdə məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 avqust 2016-cı il
№549