Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə” 28.03.2016-cı il il tarixli 165 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilmişdir.
16-18 iyun 2016-cı il tarixlərdə keçirilmiş müsabiqənin 2-ci mərhələsində-test imtahanında 1621 nəfər iştirak etmiş, imtahanların nəticəsinə görə 345 nəfər yekun mərhələyə-müsahibəyə buraxılmışdır. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 243 nəfər iş yerini dəyişmək hüququ qazanmışdır.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu və 13.5-ci bəndlərini əsas tutaraq
ƏMR EDİRƏM:
1. Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri təsdiq edilsin (siyahı əlavə olunur).
2. Şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin) rəhbərləri:
2.1. Müsabiqə nəticəsində iş yerini dəyişən müəllimlərin sənədlərini yoxlayıb, 2016-cı ilin sentyabrın 15-dən onlarla əmək müqavilələrinin bağlanmasını təmin etsinlər, əmək fəaliyyəti ilə əlaqədar məsələlərin həll edilməsində onlara köməklik göstərsinlər.
3. Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin rəisləri mövcud qanunvericiliyin tələbləri gözlənilməklə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) iş yerini dəyişənlər üçün nəzərdə tutulan ödənişlərin həyata keçirilməsini təmin etsinlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) ümumi təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsi üzrə keçirilmiş müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişənlərin siyahısının Nazirliyin İnternet saytında yerləşdirilməsini və əmrin aidiyyəti üzrə yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin
Əsas: Aparat rəhbəri Mətin Eynullayevin xidməti məlumatı, müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 iyul 2016-cı il
№499
Əlavə:
Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri