2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilmiş, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilmişdir.
I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün və səmərəli tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilib operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2016-2017-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 7.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Maliyyə şöbəsi (R.Orucov) I sinfə şagirdlərin elektron qəbulunun həyata keçirilməsi ilə bağlı maliyyə məsələlərinin həllini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Müvafiq dərkənarla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 05 fevral 2016-cı il tarixli xidməti məlumatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 fevral 2016-cı il
№108