YUNESKO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr -Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
BMT “Sülh naminə əməkdaşlıq – hər kəsin şərəf borcudur” şüarı altında YUNESKO-nun yaranmasının 70 illik yubileyinin keçirilməsinə qərar vermişdir. Yubiley tədbirləri çərçivəsində 21 sentyabr - Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlarda qeyri-zorakılıq, sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Sülh naminə əməkdaşlıq – hər kəsin şərəf borcudur” şüarı altında “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələri və internat məktəblərinin direktorları müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqə qaliblərinin mükafatlandırılması, seçilmiş işlərin kataloqunun hazırlanması və müvafiq tirajla çap
olunması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirlilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan hüquqları, demokratiya və sülh problemləri üzrə YUNESKO mərkəzinin 04.03.2015-ci il tarixli 835 nömrəli məktubu, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 23.04.2015-ci il tarixli 2342 nömrəli, 22.07.2015-ci il tarixli 3939 nömrəli, Beynəlxalq əməkdaşlıq şöbəsinin 25.05.2015-ci il tarixli 2856 nömrəli, nazir müşaviri H. Əliyevin 01.06.2015-ci il tarixli 3003 nömrəli, İqtisadiyyat şöbəsinin 23.07.2015-ci il tarixli təqdimatları .
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 avqust 2015-ci il
№861
Əlavə: