• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Emin Əmrullayevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi (01.11.2020)

Emin ƏMRULLAYEV: “Qarabağın yeni tarixini dərslik kitablarına yazacağıq”
 

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev noyabrın 1-də Türkiyənin “Haber Global”  televiziya kanalına müsahibə verib. Müsahibədə Azərbaycanın təhsil gündəmi  müzakirə olunub. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan şagirdlərimiz, dağıntılara məruz qalan məktəblərimiz, işğaldan azad olunmuş bölgələrimizdə təhsil quruculuğu söhbətin  əsas məzmununu təşkil edib.

 

“Biz Azərbaycan ərazisində təhsili bərpa edib uşaqlarımızı məktəblərimizə göndərə biləcəyik”

 

- Azərbaycan 30 il öncə işğal edilən torpaqları azad edir. Sizi təbrik edirik. Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirik.  Ermənistanın hərbi təcavüzü nəticəsində məktəblər də dağıntılara məruz  qalıb.  Bölgələrdə dinc yaşayış yerlərində  məktəblərin durumu ilə bağlı son vəziyyət barədə nə deyə bilərsiniz?

- Əvvəlcə minnətdarlıq edirəm ki, verilişə dəvət etmisiniz. Azərbaycan öz tarixinin şanlı səhifələrini yaşayır. 30 il bundan əvvəl işğal edilmiş ərazilər kənd-kənd, addım-addım azad edilir. Təbii ki, qələbələrimiz  hər bir azərbaycanlını, Azərbaycanı sevənləri, bütün dünyada olan dostlarımızı və qardaş Türkiyədə olan qardaşlarımızı sevindirir. Fürsətdən istifadə edib, həm sizə, ümumilikdə daim dəstək hiss etdiyimiz qardaş türk xalqına öz minnətdarlığımı bildirmək istəyirəm. Bu ağır, şərəfli günlərdə həm türk mediası,  həm türk vətəndaşları,  Türkiyə dövləti  daim yanımızda oldu. Fürsətdən istifadə edib Türkiyənin Milli təhsil naziri Ziya Səlçuka öz minnətdarlığımı bildirmək istəyirəm. O da bizimlə birlikdə olduğunu ifadə etdi. O ki qaldı davam edən hərbi vəziyyətə, bilirsiniz ki, 27 sentyabrdan Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayıb. Təbii ki, Azərbaycan Ordusu çox qısa bir zaman ərzində cəbhədə hərbi üstünlüyə  nail olub. Hərbi vəziyyəti ölkəmizin xeyrinə dəyişə bilib. Biz hər gün cəbhədən xoş xəbərlər alırıq və bu, bizi sevindirir. Amma, təəssüf doğuran məsələ ondan ibarətdir ki, müharibə yalnız cəbhədə və döyüş meydanında getmir. Özünün məğlub olmağını görən düşmən mülki  yerlərə, o cümlədən yaşından asılı olmayaraq Azərbaycan vətəndaşlarına hücumlar edir. Bunlar heç bir insani və mənəvi normalara sığmayan hərəkətlərdir. Bu günə qədər bizim  artıq 50-yə qədər məktəbimiz, təhsil müəssisəmiz bu və ya digər şəkildə dağıntılara məruz qalıb. Eyni zamanda, Allah rəhmət etsin, müxtəlif yaşlarda, müxtəlif siniflərdə oxuyan  9 şagirdimiz dünyasını dəyişib. Onların böyük əksəriyyəti Gəncədə, Bərdədə, Naftalanda  (bu bölgələr birbaşa cəbhə xəttinin yanında olan bölgələr deyil) yerləşən məktəblərin şagirdləridir. Bu hücumlar, raket atəşi cəbhə xəttindən kənarda olan infrastruktura və dinc əhaliyə qarşı törədilib. Bunun bir adı var - terror. Təbii ki, biz azərbaycanlıları belə mənəviyyatsız hərəkətlərlə qorxutmaq və  bizi istədiklərimizdən uzaqlaşdırmaq mümkün olmayacaq. Mən bir daha əminliyimi qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusu,  cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün Azərbaycan öz ərazisini düşməndən  azad edəcək. Təbii ki, biz bütün Azərbaycan ərazisində təhsili bərpa edib uşaqlarımızı məktəblərimizə göndərə biləcəyik.

- Hazırkı durum necədir? Orada şagirdlər təhsil ala bilirlərmi? Məktəblərə gedə bilirlərmi? Bir də dinc yerlərə hücumlar davam edir.  Şagirdlər psixoloji cəhətdən orada hansı durumdadırlar? Bu nöqtədə çalışmalarınız varmı?

- Burada bir neçə məsələ var. Biz 30 ildir ki, müharibə şəraitində yaşayırıq. Cəbhəyanı  bölgələrdə ermənilər tərəfdən atəşkəsin pozulması müşahidə edilirdi. Ancaq hərbi hücumların ilk günlərində ermənilərin Mingəçevirə, Ağcabədiyə, Tərtərə,  Goranboya,  Ağdama,  Fizuliyə və digər ərazilərimizə atəş açması ilə həmin yerlərdə olan məktəblər  fəaliyyətini dayandırmalı oldu.  Nəticədə, 1200-ə qədər məktəbdə tədris tamamilə dayandırıldı. Bu iki proses yaradır: bir tərəfdən, həm öyrənmə dayanır, digər tərəfdən psixoloji olaraq bu cür vəziyyət uşaqların ümumi vəziyyətinə, təbii ki, yaxşı təsir etmir. Həm aidiyyəti beynəlxalq təşkilatlarla, YUNİSEF-lə, eləcə də Təhsil Nazirliyinin yerli təşkilatları ilə birlikdə  uşaqlara dəstək göstərməkdə davam edirik.  Amma, səmimi deyim ki, bu, asan bir vəziyyət deyil. Ümid edirik ki, çox qısa bir zaman ərzində Azərbaycan Ordusu zəfər əldə edəcəkdir. Və biz həmin şagirdləri daha yaxşı, təmirli, ən yaxşı məktəblərə oxumağa göndərə biləcəyik.

 

“Qarabağın ən yeni tarixinin səhifələrini yazmalıyıq”

 

- Məktəblərdə tədris olunan dərslərdə bir dəyişiklik ediləcəkmi? Çünki son 30 il ərzində işğal altında olan torpaqlar var. Artıq onlar işğal altında deyil. İşğal altında olan torpaqların siyahısı  var. Bu adlar dərsliklərdə öz əksini tapacaqmı?

- Mən sizə öz təcrübəmi bölüşüm. Mən o nəsli təmsil edirəm ki, məktəbə başladığım dövrdən Azərbaycan ərazisi işğal olunmağa başlayıb. Mən 1989-cu ildə məktəbə getmişəm. Bu, Birinci Qarabağ müharibəsi dövrünə düşür. Çox uzun müddətdir ki, Azərbaycanda dərsliklərdə ərazilərimizin işğal tarixi ilə bağlı mövzular yer alırdı. Artıq hazırkı dönəmdə, bu,  bir dönüş nöqtəsidir ki, dərsliklərimizdə artıq çox dəyişikliklərə lüzum  yaranıb. O mənada ki, artıq həmin torpaqlar işğaldan azad edilib. Dərsliklərimizə bu tarixləri salmalıyıq. Qarabağın yeni tarixini dərslik kitablarına yazacağıq. Eyni zamanda, hazırda bildiyiniz kimi, dərslər distant formada keçirilir. Və bu, bizə imkan verir ki, həmin tədris planını  hər gün teledərslər dediyimiz formatda dəyişək. Müəllimlərimiz artıq ən yeni tariximizi şagirdlərə çatdırırlar. Əlavə olaraq bizim məktəblərdə dünya tarixi, Azərbaycan tarixi  ilə yanaşı əlavə kurslar kimi Qarabağ tarixini, türk tarixi dərslərini də keçirlər. Biz Qarabağımızın tarixini daim öz şagirdlərimizə, öz vətəndaşlarımıza öyrətməkdə davam etmişik. İndi  Qarabağın ən yeni tarixinin səhifələrini yazmalıyıq və dərsliklərə əlavə etməliyik. Bu, Azərbaycanın hər bir vətəndaşına,  xüsusilə  də Təhsil Nazirliyinə böyük bir qürur yaşadan məsələdir. Ona görə də bölgələrdə tezliklə həmin dərslərin tədrisinin bərpa edilməsini gözləyirik.

 

“Uşaqlarımız öz ata-baba torpaqlarında oxuyacaqlar”

 

- Azad edilən çox sayda qəsəbələr, kəndlər var. Oralarda məktəblər var. Azad olunan torpağa Azərbaycan xalqı dönəcək, öz ata yurdlarında təkrar yaşamağa başlayacaqlar. Oradakı məktəblərlə,  yeni məktəblərin açılması ilə bağlı bir hazırlıqlar varmı?  Əvvəlki məktəblərdə tədris yenidən davam etdiriləcəkmi?

- Mən bir neçə məsələni qeyd etmək istəyirəm. Bir məsələ məktəblərin bərpası, tikilməsi, onların işğaldan  azad olunan ərazilərə köçürülməsi  ilə bağlıdır.  Çünki Azərbaycanın əraziləri işğal ediləndə bir çox məktəblərin, kiçik kəndlərdən olan məktəblərin bərpası dayandırıldı. Bizim  işğal altında olan elə rayonlarımız var idi ki,  onların məktəbləri Azərbaycanın bütün ərazisində var idi. Bakıda, Gəncədə də var idi. Deyək ki,  Ağdam, Kəlbəcər məktəbləri. İndi bu məktəblər öz yerlərinə qayıdır. Bu məsələnin bir tərəfidir.  Mənə elə gəlir ki, məsələnin ikinci, psixoloji tərəfi də var. Məsələn, mən bir misal çəkim. Biz məktəbdə oxuduğumuz dövrdə mənim sinif yoldaşlarım var idi  ki, onlar həmin bölgələrdən idilər. Həmin məktəblərdə bir uşaq 11-12 məktəb dəyişirdi.

İndi böyük iş yaranır ki, həmin uşaqlar öz məktəblərinə qayıdırlar. Öz yerlərində, bizim dediyimiz kimi, öz ata-baba  ocaqlarında məktəbə gedirlər. Bu məsələnin bir mənəvi tərəfi də var.  Bu hadisələrin təhsilə, insanlarımızın düşüncəsinə böyük təsiri var. Yəni, o mənada ki, bizim artıq nəyi nə vaxt itirmişik yox,  nəyi qazanmışıq kimi bir tədris planımız olacaq. İnandığım bundan ibarətdir ki, qarşıda bizi  istər təhsil, istər iqtisadiyyat, istərsə də ümumi ideoloji baxımdan, yəni, insanlarımızın milli kimliyi baxımından   çox fərqli bir dövr gözləyir. Mən təbii ki, bu mənada  hər bir Azərbaycan vətəndaşı kimi çox böyük qürur hissi keçirirəm.

 

Yeni bir kimliklə, yeni bir hisslə, yeni sevinclə...

 

- Tarixi bir dönəmdən keçirik. Bu tarixi dönəmdə Azərbaycanın gənclərinə, şagirdlərə bir mesajınız varmı?

- Biz tamamilə yeni  bir dövrə qədəm qoyuruq. Bu dövrün mahiyyəti ondan ibarət olacaq ki, biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq. Və həmin yerlərdə yeni bir həyat başlayacaq. Bildiyiniz kimi cənab Prezidentin müvafiq fərmanı ilə həmin yerlərdə müvəqqəti komendaturalar yaradılır. Müvafiq siyahıyaalınmalar gedir. İnandığımız bundan ibarətdir ki,  hər bir Azərbaycan gənci yeni bir dövrə yeni bir kimliklə, yeni bir hisslə, yeni sevinclə qədəm qoyur. Bundan sonra da əldə edilmiş qələbələrin davamlı, uğurların dayanıqlı, uzunmüddətli olması üçün hər bir gənc əlindən gələni etməlidir.

- Savaşın yaşandığı bir sahə informasiya sahəsidir. Orada da intensiv mübarizə yaşanır. Özəlliklə azərbaycanlı gənclərə bu informasiya mücadiləsində uğurlu ola bilmələri üçün nələri tövsiyə edə bilərsiniz?

- Çox düzgün qeyd etdiniz. İndiki müharibələr  əsrlərdən əvvəlki müharibələrdən həm texnoloji, həm də onun  aparılması baxımından çox fərqlidir. Eyni zamanda bu müharibələr həm də sosial media üzərindən və insanların qavraması üzərindən də aparılır. Mənə elə gəlir ki, əgər 90-cı illərin əvvəllərində Azərbaycan müharibədə itirən, işğala, təcavüzə məruz qalan tərəf idisə, bununla belə, bizim o zaman insanımızın bu bacarıqlarının olmaması, Azərbaycanın dünyaya çıxışının az olması bununla nəticələndi ki, ermənilərin digər ölkələrdə diasporasının olması və təsir imkanlarının çoxluğu bir sıra dövlətlər tərəfindən bizə qarşı tamamilə haqsız qərarların qəbulu ilə müşahidə edilirdi. İndi, belə deyil. Azərbaycan gəncləri indi çox yaxşı dil bilir, həm texnologiyadan istifadə, mesajları çatdıra bilmək bacarıqları var. Biz tamamilə fərqli bir dövrdəyik. Mənə elə gəlir ki, son 30 gün ərzində biz bunu çox yaxşı müşahidə etdik ki,  bir çox hadisələrin vaxtında və düzgün dünyaya çatdırılmasında məhz gənclər, tələbələr çox böyük zəhmət çəkdilər. Bu davamlı bir məsələdir. Buna görə də biz gərək  o bacarıqları mənimsəyək və daim inkişaf etdirək. 

 

“İstədiyimiz budur ki, həm şagirdlər, həm müəllimlər tezliklə məktəbə qayıtsınlar”

 

- Bir tərəfdən də pandemiya var. Və davam edir. Bildiyim qədəri ilə Azərbaycan  2 noyabrdan uzaqdan təhsilə keçir. Bu proses necə kecəcək?

- Biz hazırda iki cəbhədə vuruşuruq. Təbii ki, COVID-19 pandemiyası ilə üz-üzə qalmağımız da ciddi bir problemdir. Biz 3 mart tarixindən məktəblərin tamamilə dayandırılmasına nail olduq. Ötən tədris ilindən dərslər distant formatda keçirildi, 15 sentyabrdan isə kifayət qədər mərhələli şəkildə bərpa olundu. Amma sonda yenə də vəziyyətin bu qədər müəyyən mənada pisləşməsi bizə imkan vermədi ki, dərsləri davam etdirək. Növbəti həftə dərslər onlayn başlayacaq. Həm teledərslər, həm müxtəlif onlayn platformalar üzərindən biz bu dərsləri həyata keçiririk. Yaxşı xəbər ondan ibarətdir ki,  əgər mart ayında bizim cəmi 50-60 min şagirdin, təhsilalanın email-i  var idisə, hazırda 1 milyona yaxın məktəbli şagirdin email-i var.  Onlar onlayn tədrisə qoşula bilirlər. Müəllimlərimizin böyük bir hissəsinin, yüz mindən artıq müəllimin artıq onlayn dərs vermək bacarığı var. Ona görə də inanırıq ki, növbəti həftələrdə onlayn tədris davam edəcək. Amma, təbii ki, istədiyimiz budur ki, bu məsələ tez bitsin və həm şagirdlər, həm müəllimlər məktəbə qayıtsınlar.

 

“Təhsil sahəsində əməkdaşlığımız daha da dərinləşməli və irəliyə getməlidir”

 

- İnşallah. Bir çox sahədə Azərbaycanla Türkiyənin işbirliyi vardır. Təhsil sahəsində də bir işbirliyi varmı?

- Bizim Türkiyə ilə istənilən sahədə olan münasibətlərimiz yüksək səviyyədədir.  İnsanlararası, qardaşlıq münasibətləri də daha yüksək səviyyədədir.Təhsil sahəsində də belədir. Ötən il biz azərbaycanlı müəllimləri Türkiyəyə 2 həftəlik STEAM  təlimlərinə göndərdik. Bu, yeni texnologiyaların məktəblərdə tətbiq edilməsi istiqamətində olan bir layihə idi. Bundan başqa, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikili diplom proqramlarımız var. Bu proqram  bu ildən başlanır. O cümlədən də bir çox sahələrdə birbaşa əlaqələr var. Peşə təhsili sahəsində də sıx işbirliyimiz var. Azərbaycandan minlərlə gənc bu gün Türkiyə universitetlərində təhsil alır və  kifayət qədər də lazımi biliklər əldə edərək Azərbaycana qayıdırlar. İnandığımız budur ki, bu sahədə əməkdaşlığımız daha da dərinləşməli və irəliyə getməlidir.

- Azərbaycan universitetlərində Türkiyə ali təhsil müəssisələri də daxil olmaqla ikili diplom proqramları var. Bu barədə nə deyə bilərsiniz?

- Mən artıq qeyd etdim ki, ikili diplomlar həm də çox yaxşı əlaqədir. Həm Azərbaycan tələbələri Türkiyədə təhsil alsın, həm türkiyəli tələbələr Azərbaycanda öyrənsinlər.  Bir proqram Ege Universiteti ilə olan proqramdır. Ümid edirik ki, universitetlərimiz arasında əməkdaşlıq bir az da sıx olacaq və biz daha çox proqramlar görəcəyik. O cümlədən də tələbə mübadilə proqramları çox əhəmiyyətlidir. Yəni Türkiyədəki tələbələrin Azərbaycana gəlməsi, Azərbaycanı  öyrənməsi, Azərbaycan haqqında bilməsi çox vacibdir. Təhsil Nazirliyi olaraq biz Türkiyə ilə bu sahədə bir çox layihələri birlikdə həyata keçirmək istərdik. 

 

- Bu gərgin günlərdə “Haber Global” qrupunu qəbul etdiyiniz üçün sizə təkrar təşəkkür edirik. Çox sağ olun! Bir daha Azərbaycan torpaqlarının işğaldan azad olunmasına görə sizləri təbrik etmək istəyirik.

 

- Təşəkkür edirəm.