• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Emin Əmrullayevin “AzTV”-yə müsahibəsi (08.10.2021)

Emin Əmrullayev: “Məktəbin Zəfərə gedən yolda rolu nədən ibarət olub: şagird və tələbələrimizə bunu çatdıracağıq”

 

Sentyabrın 29-da təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində qonaq olub. Verilişdə təhsil naziri ilə cari tədris ilindən gözləntilər,  təhsil işçilərinin vaksinasiyası, tələbə kreditləri və hər kəsi maraqlandıran digər suallar ətrafında söhbət aparılıb.

 

Davamlı və keyfiyyətli tədrisi təşkil edəcəyik

 

- Həyatımızda elə sahələr var ki, orada düz xəttlə hərəkət eləmək özünü doğrultmur. Çünki vaxt keçdikcə standartlar, tələblər, yeni çağırışlar üzə çıxır və istər-istəməz onlara adekvat cavablar tapılmalıdır. Çünki  inkişaf meyillərinin qarşısını almaq olmaz, əksinə inkişaf özü öz mövqeyini diktə edir. Belə sahələrdən biri təhsildir.Bütün dünyada bu istiqamətdə daim axtarışlar gedir, çünki keyfiyyət göstəriciləri durmadan yüksəlir. Təbii ki, ölkəmiz bu prosesdən geri qala bilməz. Bunun üçün də Təhsil Nazirliyi və onun partnyorları axtarışlar aparır, yeni modelləri sınaqdan keçirirlər.

Yeni dərs ili başlayıb. Hesabat vaxtı deyil, indi doğru fikirləri toparlamaq lazımdır. Bunlardan danışmaq üçün “Hədəf”in studiyasına təhsil naziri Emin Əmrullayevi dəvət etmişik. İlk növbədə gözləntilərdən danışmalıyıq. Çünki yeni dərs ili bilavasitə ənənəvi sistemə qayıdışla bağlıdır. İstərdim ki, ilk növbədə öz gözləntiləriniz, planlarınız barədə məlumat verəsiniz.

 

- Bildiyiniz kimi, çox uzun müddətdən, yəni ötən ilin mart ayından bəri müxtəlif formalarda tədris təşkil edilir. Bu il sentyabrın 22-dən və müvafiq qaydada sentyabrın 29-dan tədrisin əyani formada təşkili məqsədəmüvafiq hesab edilib. Pandemiyanın bu mərhələsində dayanıqlı və davamlı təhsili təşkil edəcəyimizə ümid edirik. Amma əvvəldən də deyildiyi kimi, bu, yalnız Təhsil Nazirliyinin, təhsil müəssisələrinin deyil, bütün cəmiyyətin, geniş anlamda hər birimizin sosial məsuliyyəti məsələsidir. İnandığımız ondan ibarətdir ki, əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istər təhsilverənlər, istərsə də geniş ictimaiyyət, valideynlər qarşıya qoyulan çağırışlara cavab verə biləcək, davamlı və keyfiyyətli tədrisi təşkil edəcəyik. Bu tədris ili mahiyyəti baxımından bir neçə məqama görə fərqlənir. Birinci növbədə onu qeyd etməliyik ki, Azərbaycan təhsil müəssisələri ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu bir şəraitdə ilk dəfə dərs ilinə başlayır. Bu, istər ideoloji, istər milli özünüdərk, istər tərbiyə prosesinin təşkili, istərsə də, ölkəmizin qarşısında duran yeni çağırışlara cavab baxımından çox önəmlidir. İndiyə qədərki tədris illərində təhsilin məzmunu həm Qarabağ, həm ərazi bütövlüyü mövzusu əsasında qurulurdusa, zəfərdən sonrakı dönəmdə bu, sadəcə siyasi-ideoloji, milli kimlik deyil, həm də iqtisadi məsələlərlə bağlı olacaq. Təhsilin keyfiyyəti isə digər vacib məsələdir ki, daim gündəmizdədir.

 

Baş verən hadisələr öz əhəmiyyətinə, tarixi miqyasına görə Azərbaycan tarixində özünəməxsus, əvvəlkilərlə müqayisəedilməz dərəcədə böyük hadisələrdir. Odur ki, tədrisin məzmununu, dərslikləri dəyişmək üçün daha böyük vaxta ehtiyacımız var. Bununla belə, bu dərs ili zəfərimizə, ilk dərslər “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunub. Bu istiqamətdə işimizi iki yerə bölmüşük. Birinci, səviyyəsindən asılı olmayaraq, bütün təhsil müəssisələrində müxtəlif tədbirlər planlaşdırılıb. Tədbirlərin əsas məqsədi təbliğat, təhsil müəssisəsinin yerləşdiyi əraziyə uyğun tərbiyə işinin təşkilidir. Həmin yerin, məktəbin zəfərə gedən yolda rolu nədən ibarət olub - şagird və tələbələrimizə bunu çatdıracağıq. Məlumdur ki, zəfər xalqın birliyi, uzun illər ərzində görülən işin nəticəsi olaraq qazanılıb. Ona görə də təbliğatımız məhz bu yola nəzər salmaq, nəzər salarkən də hər məktəbin, hər kəndin, qəsəbənin, hətta hər fərdin zəfər yolunda verdiyi töhfələrə diqqət çəkməkdir. Məsələn, builki ən böyük tədbirlərimizdən biri Zəfər tariximizə həsr olunan inşa müsabiqəsidir. Bütün ölkə məktəblilərini əhatə edən müsabiqə çərçivəsində məktəblilərimiz bu tarixi hadisəylə bağlı öz fikirlərini paylaşıb və qaliblər Zəfər Günü ərəfəsində elan ediləcək. Bundan başqa, məktəblərdə dərsdənkənar məşğələ formatında “Zəfər tarixi” kursunu təqdim edəcəyik. Xüsusi qeyd edim ki, bu, kursdur, fənn deyil. Kurs üçün materiallar hazırlanır və yaxın həftələrdə tamamlanaraq məktəblərə çatdırılacaq. “Zəfər tarixi” kursu hər bir yerin kontekstinə uyğun təşkil edildiyindən bu kursu tədris edən müəllimlərimiz də müxtəlif mənbələrdən istifadə edə biləcəklər...

 

- Bir də ki, zəfər salnaməsi hələ zaman-zaman yazılacaq...

- Ona görə də hər il kursun məzmunu dəyişəcək və əsas resursu dərslik olmayacaq. Çünki zəfərdən sonrakı dövr bərpa dövrüdür, qayıdış, regional inkişafla bağlıdır. Cənab Prezidentin göstərişi ilə, demək olar ki, hər həftə, hər ay bu istiqamətdə böyük işlər görülür. Nəticədə uşaqlarımızın, tələbələrimizin qarşısında geniş üfüq açılıb ki, “Zəfər tarixi” kursunun əsas mahiyyətini də məhz bu təşkil edir. Bu kurs kimya, fizika, riyaziyyatdan fərqli olaraq dəyişən tədris materialları əsasında keçiləcək. Tədris ili ərzində hətta elə məsələlər olacaq ki, müəllim onu mətbuat və başqa mənbələrdən toplanan materiallar əsasında şagird və tələbələrə çatdıracaq.

 

Situasiyanı nəzarətdə saxlayır, düzgün qərarların verilməsinə çalışırıq

 

- Pandemiya dövrüdür, vaksinasiya davam edir. Müəllim klasterində bu vəziyyəti necə dəyərləndirirsiniz və sizcə, bunun sonu görünür, yoxsa yox?

- Təbii ki, pandemiya bitməyib. Pandemiyanın bitməsi üçün vaksinasiya ən qısa yoldur. Tədris ilinin ləngimə ilə başlaması da məhz bu səbəbdən idi. Hesablamalarımız göstərirdi ki, oktyabrın əvvəllərində 4 milyon insan hər iki dozada peyvənd olacaq. Bu, kifayət qədər böyük rəqəmdir. Fürsətdən istifadə edib prosesdə aktiv iştirak edən hər bir vətəndaşımıza minnətdarlığımı bildirirəm. O cümlədən müəllimlərimizə təşəkkür edirəm. Bilirsiniz ki, təhsil işçilərinin 90 faizindən çoxu artıq vaksin olunub. Sertifikatı, əks göstərişi olanlar var ki, vaksinasiyadan keçmələri mümkün deyil.Müəllimlərimizin çox az qismilə maarifləndirmə işi davam edir. Təbii ki, qeyri-müəyyənliklər var, Təhsil Nazirliyi olaraq situasiyanı nəzarətdə saxlayır, düzgün qərarların verilməsinə çalışırıq.

 

İnnovativ layihələr öz coğrafiyasını və əhatəliliyini genişləndirib

 

- Təhsil elə bir sahədir ki, mütərəqqi üsulların təşəbbüskarı kimi çıxış edir. STEAM, “Rəqəmsal bacarıqlar” kimi bir neçə innovativ layihələr həyata keçirilir. Belə layihələrin gələcəyini necə təsəvvür edirsiniz?

- Bu tədris ilində orta ümumtəhsil, peşə və ali təhsil müəssisələrində məzmun baxımından xeylı dəyişikliklər var.  Qısa olaraq onu qeyd edə bilərəm ki, orta ümumtəhsil müəssisələrində cəmi bir neçə min şagirdlə başlayan  “Rəqəmsal bacarıqlar” layihəsi bu ildən öz coğrafiyasını genişləndirib. Artıq  layihə ölkəmizin daha böyük ərazisində 190 minə yaxın şagirdi əhatə edir. STEAM layihəsi 2 il əvvəl cəmi 6500 şagirdlə başlamışdı, artıq 301 məktəbdə 100 mindən artıq şagirdlə davam edir. Üstəlik, coğrafiyası genişlənib. Layihəni bu ildən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizin 15 bölgəsində yaradılan STEAM mərkəzlərində müxtəlif bölgələrdən, hətta ucqar kəndlərdən də olan uşaqları cəlb etməklə davam etdiririk.  Hələlik bu il Şirvanda, Gəncədə, İsmayıllıda, Sabirabadda, Ağdaşda, Bərdədə, Qubada fəaliyyət göstərən mərkəzlər prosesə qoşulub. Növbəti illərdə daha çox bölgədən olan şagirdlərimizi də cəlb etməyə çalışacağıq ki, onlar da prosesdən kənarda qalmasın.

 

İcmaəsaslı məktəbəqədər layihəmiz 15 mindən artıq usağı əhatə edir. Bu layihə çərçivəsində ucqar kəndlərdə olan məktəblərdə ümumilikdə 777 iş yeri yaradılıb ki, onların hamısında həmin kəndlərdə yaşayan qadınlar işə cəlb edilib.

 

Peşə təhsilində də bu il bir neçə layihə həyata keçiririk. Xüsusən, yüksək texniki peşə təhsili verən ixtisaslarımıza qəbul artıb.

 

Bu il azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalarda yüksək nəticələr göstəriblər. Təhsil sistemində həyata keçirilən innovativ layihələr öz coğrafiyasını və əhatəliliyini genişləndirib.

 

Hesab edirik ki, imtahan prosesini müəllimlər üçün rahat edək

 

- Bütün bunlar ümidverici və ürəkaçan yeniliklərdir. Emin müəllim, müəllimlərin işə qəbulu daim gündəliyinizdə olan  və önəm verdiyiniz məsələlərdəndir. Hətta bunun ağrılı çaları da var. Çünki bir tərəfdən güclü rəqabət var, digər tərəfdən metodologiyanı təkmilləşdirməyi qarşınıza məqsəd qoymusunuz. Prosesi necə dəyərləndirirsiniz?

- Prosesi yaxından izləyirəm və müəyyən mənada narazı qalanların olmasını başa düşürəm. Amma istərdim ki, məsələlərə obyektiv baxaq. Bunun üçün də rəqəmlərə, statistikaya əsaslanmağın daha doğru olduğunu düşünürəm. Çünki emosiyalar aldadıcı ola bilər. Hər kəsin emosional duyğularını da anlayıram, ancaq istərdik ki, bu, qarşılıqlı olsun, Təhsil Nazirliyinin də mövqeyi nəzərə alınsın. Azərbaycan təhsil sistemində təxminən 150 min nəfər müəllim işləyir. Bir müəllimin orta hesabla 25-30 il fəaliyyət göstərdiyini nəzərə alsaq, hər il təxminən 5-6 min civarında vakant yer çıxa bilər. Hər il bəlli sayda, əsasən ucqar kəndlərdə olan ümumilikdə 1000-2000 vakant yer tutulmur. Bu həqiqət heç vaxt dəyişmir. Təxminən 150 min iş yeri olan sistemdə il ərzində 5-6 min vakant yeri ola bilər. Təhsil Nazirliyindən 15 min yer gözləmək qeyri-realdır. Məsələnin ikinci tərəfi müəllim hazırlığı ilə bağlıdır. Bu sual verilir ki, yer yoxdursa, niyə bu qədər müəllim hazırlayırıq.

 

Hər il 6000 civarında müəllim, 4400 məktəbdə məktəb direktorları, direktor müavinləri, laborant, uşaq birliyi rəhbəri, digər pedaqoji işlər üçün kadrlar tələb olunur ki, onları da nəzərə alanda vakant yer sayı il ərzində 8-9 minə gəlib çıxır. Fikrimcə, bu da böyük saydır. Ali, orta ixtisas və peşə təhsili müəssisələrində, özəl təhsil müəssisələri və özəl kurslarda da pedaqoji ixtisaslar üzrə ali təhsil müəssisələrini bitirənlər işləyir. Biz birə-bir nisbətində yox, rəqabət yaratmaq üçün bir qədər artıq plan yeri müəyyənləşdiririk. Tutaq ki, gənc qadınlar öz evlərinə yaxın iş yerlərinə üstünlük verirlər. Amma Bakının mərkəzində təxminən 100 məktəb var. Hər birində orta hesabla 10 riyaziyyat müəllimi varsa, orta hesabla 1000 iş yerindən danışırıq ki, məzunların hamısını Bakının mərkəzi rayonlarında yerləşdirməyə fiziki imkanımız yoxdur. Azərbaycanın bölgələrində təhsil alan şagirdlərimizi də keyfiyyətli müəllimlərlə təmin etməliyik. Təbii ki, burada bir çox miras qalmış məsələlər də var. Düşünürəm ki, o məsələlərə də indi toxunsaq, çox dərinə getmiş olarıq. Ancaq müəllimlərin haqlı olduğu bəzi məsələlərdə dəyişikliklər etməyi düşünürük. Hesab edirik ki, imtahan prosesini müəllimlər üçün rahat edək. Məqsədimiz dəyişmir - 6000 nəfər ən yüksək nəticə göstərən adamı axtarırıq. Bu nəticəni göstərməsi üçün daha çox namizədə imkan yaratmağa hazırıq. İctimaiyyəti bu prosesə yaxından cəlb etməyə hazırıq. Düşüncəmiz bundan ibarətdir ki, üçüncü tərəfin iştirakı prosesdə şəffaflığı daha da artıracaqsa, biz bunu edəcəyik. Başqa bir məsələ. Vakansiyaların gizlədilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu məsələdə ictimaiyyət bizə kömək etməlidir. Biz bildiyimiz bütün vakansiyaları çıxarırıq və riyazi məntiqlə vakansiyalarla müəllim sayı arasında ümumən qanunauyğunluq görürük. Hətta bir az da irəli gedib hər məktəbdə müxtəlif fənlər üzrə nə qədər müəllimin işlədiyini, neçə saat dərs olduğunu da ictimailəşdirəcəyik. Biz heç nəyi gizlətmirik. İstəyirik hər şey şəffaf olsun. Müəyyən bir keçmiş var və biz bunu dana bilmərik. Keçmişdə verilən bəzi qərarlar bu gün düz görünməyə bilər, amma bir məktəbdə 33 saat və 10 müəllim varsa, həmin məktəbə 11-ci müəllimi götürmək qeyri-mümkündür. Bu rəqəmləri, statistikanı ictimaiyyətə, hər maraqlanan tərəfə, imtahan verməyə hazırlaşanlara, bir sözlə, ictimaiyyətin istənilən nümayəndəsi üçün əlçatan edəcəyik. İstəyirik bu problemlərə birlikdə baxaq. Bu, bir tərəfin digər tərəfi qınaması formatında olmasın. Oturub problemlərimizi birgə əməkdaşlıqla həll edək.

 

Yeni məktəblər ən müasir tələblər səviyyəsində olacaq

 

- Cənab nazir, infrastrukturun yenilənməsi ölkəmizdə çox aktualdır. Biz bilirik ki, dövlət rəhbəri bu məsələyə böyük diqqət ayırır. Bu il azad olunmuş torpaqlarımızda da infrastrukturun yenidən qurulması məsələsi gündəmdədir. Sizin üçün təxirəsalınmaz görünən məsələlər nədən ibarətdir?

- Xüsusi qeyd edilməlidir ki, son illərdə minlərlə məktəb ya təmir olunub, ya da yenidən tikilib. Bu il də 88 belə məktəb var. Prezident İlham Əliyev və birinci xanım, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə məktəb açılışları oldu. Bu, ölkəmizdə təhsilə verilən yüksək qiymətin bariz nümunəsidir. Ümumilikdə başa düşürük ki, bəzi kəndlərimizdə, bölgələrimizdə təmirsiz məktəblər qalır.İnfrastrukturun inkişafı ilə bağlı işlər davam etdirilməlidir və etdirilir. Sadəcə burada zaman, resurs məsələsi nəzərə alınmalıdır. Bununla bağlı müvafiq işlər görüləcək. Şuşa məktəbinin layihələndirmə işi bitib, tikinti prosesi başlayacaq və növbəti ilin sonuna qədər məktəb istifadəyə yararlı vəziyyətdə olacaq. Ağdam rayonunda da 1 nömrəli məktəbin tikilməsi ilə bağlı cənab Prezidentin müvafiq sərəncamı var. Bundan başqa, işğaldan azad olunan digər bölgələrdə də tikiləcək məktəblərin sayı müəyyənləşdirilir. Bu və ümumilikdə qayıdış prosesi özlüyündə ciddi logistik prosesdir. Bütün bölgələrimizdə olan soydaşlarımızın öz torpaqlarına qayıtması prosesinin proqnozlaşdırılması istiqamətində işlərimiz, demək olar ki, tamamlanıb. Həmin bölgələrdə yaradılacaq məktəblər ən müasir tələblər səviyyəsində olacaq. Bu tələb qarşımıza ölkə rəhbərliyi tərəfindən qoyulub. Yüksək standartları aşağı salmadan həmin təhsil müəssisələrini təhsilalanların üzünə aça biləcəyik.

 

Kredit bir məcburiyyət yox, imkandır

 

- Tələbələr artıq auditoriyalardadır. Onların əsas qayğılarından biri tələbə kreditlərinin verilməsidir. Bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Tələbə Kredit Fondu ötən yay tətili ərzində bir çox işlər görüb. Nizamnamə fondu təsdiq olunub. Hazırda fondun nizamnamə kapitalı 80 milyon manatdır. Sistem oktyabrda işə düşəcək. Tamamilə elektron olan sistem digər sistemlərə inteqrasiya olunub. Ona görə də həssas qruplara aid ailələrin övladları rahat şəkildə sosial kredit alacaq. Digər tələbələr isə standart kreditlər götürəcək. Sistem tamamilə şəffafdır: tələbələr FİN nömrələrini daxil edərək sistemə qoşulacaq,  inteqrasiya olunmuş sistemlərdən tələbə, onun ailəsi ilə bağlı lazım olan məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit, digər hallarda isə standart kredit ala biləcək. Bütün bu proses, sadəcə bir neçə saniyə ərzində baş verəcək. Müvəkkil banklar tərəfindən həyata keçirilən proses nəticəsində 40 minə yaxın tələbəyə kredit vermək mümkün olacaq. Kredit bir məcburiyyət yox, imkandır. Ötən illə müqayisədə bu il bu imkan yaradılıb. Əgər tələbə müraciət edərsə, ona kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Kimsə tələbə krediti mütləq almalıdır, demir. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilər. Kreditlər uzunmüddətlidir, sosial xarakter daşıyır. Orada bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissədə güzəşt edilir. Kreditini təhsil aldığı müddətdə ləğv etdirmək imkanı isə tələbəyə oxumaq, savadlı olmaq, ixtisasa yiyələnmək, gələcəkdə ölkəmizin inkişafına töhfə vermək üçün stimul verir.

 

- Bəli, onlar üçün imkanlar genişlənir, imtiyazlardan istifadə edib gözləntiləri doğrultsunlar. Nazirlik, sizin başçılığınız altında müəllim ordusu əlindən gələni edir ki, müvafiq tərzdə inkişaf getsin, digər ölkələrin vəziyyətinə həsrətlə baxmayaq. Təşəkkür edirik proqramımızda iştirak etdiyiniz üçün.

- Çox sağ olun. Mən də təhsil ictimaiyyətini tədris ilinin başlanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, bu tədris ili öz uğurları ilə yadda qalacaq.