Təhsil naziri Emin Əmrullayevin "ATV Aktual" proqramına müsahibəsi (18.11.2020)
Emin Əmrullayev: “Azad olunan ərazilərimizdə ən müasir məktəblər tikiləcək”
Noyabrın 18-də Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramının qonağı olub. Proqramda qələbəmizdən sonrakı mərhələdə Təhsil Nazirliyinin üzərinə düşən tarixi missiya, işğaldan azad olunan ərazilərimizdəki məktəblərin bərpası, koronavirusun təhsil sahəsinə təsiri və digər mühüm məsələlər ətrafında söhbət aparılıb.
Yeni çağırışlar, imkanlar, yeni mərhələ
- Cənab nazir, xoş gördük Sizi. Studiyamıza xoş gəlmisiniz. Əvvəla, bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu yeni missiyada Sizin üzərinizə düşən məsuliyyət də çox böyükdür. Yəqin ki, bu yeni tarixi missiyada Təhsil Nazirliyinin öz yeri olacaq. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərimizdə təhsil sisteminin qurulması, məktəblər, təhsilalanlarla bağlı xeyli işlər olacaq...
- Mən də istərdim ki, ilk növbədə, xalqımızı təhsil ictimaiyyəti adından təbrik edim. Eyni zamanda bu qələbədə böyük rolu olan əsgərlərimizə, ordumuza öz təşəkkürümu bildirirəm. Bu qələbənin memarı olan möhtərəm cənab Prezident İlham Əliyevə təhsil ictimaiyyəti adından öz minnətdarlığımı bildirirəm. Təbii ki, bu Qələbə bizim tariximizdə yeni bir dövr açır. Bu qələbənin qazanılmasında bizim şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Bilirsiniz ki, müəllimlərimiz, tələbələr, şagirdlər, valideynlər arasında da kifayət qədər itkilərimiz olub, yaralılarımız da var. Bütün bu məsələlər də öz-özlüyündə nəzərə alınmalıdır. Təbii ki, biz təhsilimizin, xalqımızın, ümumiyyətlə, millətimizin tarixində yeni bir səhifəyə qədəm qoyuruq. Hər bir sahədə olduğu kimi, təhsil sahəsinin qarşısında yeni çağırışlar, imkanlar, yeni mərhələ açılır. İnanıram ki, təhsil ictimaiyyəti, müəllimlərimiz, təhsili idarə edən həmkarlarım qarşıda qoyulan bu məsələlərə, tapşırıqlara müvafiq qaydada əməl edərək böyük nailiyyətlər əldə edəcəklər.
Görülən işlərin nəticəsi müsbətdir
- Cənab nazir, siz də qeyd etdiniz ki, Vətən müharibəsində savaşanlar, bizim igid oğullar arasında təhsil işçiləri də olub. Müəllimlər, tələbələr.. Məsələn, işini yarımçıq qoyub döyüşə gedən müəllimlərimiz, təhsilini yarımçıq qoyub döyüsə yollanan tələbələrimiz var. Biz sosial şəbəkələrdən də eşidirik, məsələn, hansısa kəsiri yaranıb, özü tarix fənnindən kəsilib, ancaq bu gün Qarabağ savaşında tarix yazan tələbə əsgərlərimiz var. Və çox müraciətlər olur, yəqin sizə də müraciətlər olur ki, müharibədə bir şəkildə iştirak edən təhsil işçiləri ilə bağlı hansısa, belə deyək, imtiyazlar, güzəştlər olacaqmı? Bununla bağlı Təhsil Nazirliyinin üzərinə düşən nədir, hər hansı təklif, təşəbbüslə çıxış edəcəksinizmi?
- Mən bu suala iki tərəfdən yanaşardım. Birinci məsələ, xalqımızın böyük qələbəsində, təbii ki, Azərbaycan təhsil işçilərinin uzunmüddətli bir əməyi vardır. Bu, çox vacib məqamdır, çünki hər bir insanın müəllimi var. O cümlədən də bu döyüşlərdə iştirak edən, bu qələbədə rolu olan hər bir insanın və müəllimlərimizin. Ümumiyyətlə, təhsilimizin görünən tərəfi odur ki, bu dövr ərzində həyata keçirilən, görülən işlərin nəticəsi müsbətdir. Bu mənada, fürsətdən istifadə edərək, bütün müəllimlərimizə və təhsil işçilərimizə öz təşəkkürümü bildirirəm. O ki qaldı konkret müraciətlərə, təbii ki, müharibə insanlara müxtəlif cür təsir edir. Müharibə ilə əlaqədar insanların bir qrupu sığınacaqlara köçürüldü, bir qrup tələbələrimiz könüllü və yaxud səfərbərliyə alınmaqla müharibədə iştirak ediblər. Təbii ki, onların da fərqli problemləri var. Bunu da başa düşürük. Hazırda Təhsil Nazirliyinə müraciətlər olunur. Müxtəlif qəbildən olan müraciətlər var. Bərpa olunmaqla, kəsirlərlə bağlı və s. Təhsil Nazirliyi olaraq, təbii ki, çalışırıq ki, bu problemləri toplayaq, dinləyib sistemləşdirək. Problemlərin xarakterindən asılı olaraq müxtəlif həll yolları var. Bəzi hallarda bu həll yolları mümkündür, qısa zamanda aidiyyəti ali təhsil müəssisələrinin rəhbərlərinə və ya digər təhsil müəssisələrinə bununla bağlı tapşırıq verilib. Bir çox hallarda bu müvafiq qaydalarla tənzimlənir. Hazırda bu məlumatlar tərəfimizdən toplanır və sistemləşdirilərək aidiyyəti şəkildə digər həmkar qurumlarımızla və o cümlədən, əgər qaydalarda dəyişikliyə ehtiyac varsa, bu tip qaydalarda dəyişiklik etməklə çalışırıq ki, bu qələbədə rolu olan hər bir soydaşımıza köməklik göstərək. Ona görə də mənim xahişim mümkün dərəcədə prosesləri səbirlə gözləməkdən ibarətdir. Təhsil Nazirliyi olaraq biz də öz tərəfimizdən həmin qaydaları dəyişməklə, normativ baza yaratmaqla məsələləri tənzimləməyə çalışırıq. Mən yenə də deyirəm, biz bəzi hallarda bu məsələləri mümkün dərəcədə ali təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti insanlarla danışmaqla həll etməyə çalışırıq. Yəni problemdən asılı olaraq bütün vətəndaşlarımızın məsələlərinə vaxtında baxılır və əgər mümkünsə, qanunvericiliyə zidd deyilsə, verilmiş şəraitə uyğundursa, təbii ki, həll edilir. Bəzi hallarda mümkün olmur, artıq bu halda qarşılıqlı anlaşma şəklində vətəndaşa bildirilir.
Ermənilər tərəfindən məktəblərin yandırılması qınanılmalıdır
- Əsas məsələ odur ki, bu məsələlər gündəmdədir və araşdırılır və müvafiq tədbirlər görüləcək. 44 günlük müharibə dövründə Ermənistan tərəfi dinc sakinləri hədəfə aldı və hədəfdə çox təəssüf ki, bizim azyaşlı uşaqlar da var idi və siz də bir neçə dəfə sosial şəbəkələrdə qeyd etmişdiniz bizim düşmən hədəfinə gedən şagirdlərlə, yaralılarla, dağılan məktəblərlə bağlı. Bu haqda, yəqin ki, statistika hazırlanıb və dövlət başçısı da dəfələrlə çıxışlarında qeyd edib ki, Ermənistan törətdiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Bütün faktlar sənədləşdirilir və müvafiq qaydada beynəlxalq qurumlara göndəriləcək. Təhsil Nazirliyi də yəqin üzərinə düşəni edir və sənədlər hazırlanır...
- Bəli, hazırlanır. İlk növbədə, statistika ondan ibarətdir ki, qeyd etdiyim kimi, təəssüflər ki, 10 şagirdimiz düşmənin raket hücumları nəticəsində həlak oldu. Bir daha Allahdan onlara rəhmət diləyirəm. Eyni zamanda, bu dövr ərzində təxminən 340 min şagirdimizin təhsil aldığı məktəblər risk zonasına daxil olduqlarına görə orada təhsilin həyata keçirilməsi, ümumiyyətlə, mümkün olmamışdır. O cümlədən 50 məktəbimiz bu və ya digər dərəcədə dağıntılara məruz qalıb, bəziləri ümumiyyətlə yararsız hala düşüb. Təbii ki, son günlərdə müşahidə etdiyimiz hadisələr bizi, təhsil işçilərini təəssüfləndirir. Gördüyünüz kimi, Kəlbəcər rayonu ərazisində həmin yerləri tərk edən və həmin ərazilərə qanunsuz olaraq yerləşdirilmiş ermənilər tərəfindən məktəblərin yandırılması birmənalı olaraq qınanılmalıdır.
- O məktəbi yandıran məktəbin direktoru özüydü. Təhsil ocağına rəhbərlik edən şəxsin məktəbi yandırması...
- Belə deyək, həmin yerlərdə məktəblər var idi. İnsanlarımız bizim işğala məruz qalan ərazilərimizdən çıxanda orada məktəblər və infrastruktur var idi. Onlara toxunulmamışdı. Hazırda isə bu infrastruktur istər Cəbrayılda, istər Fizulidə, Zəngilanda, Qubadlıda tamamilə yerlə-yeksan edilib. Ölkə başçısı da artıq bildirib ki, bu ərazilərimizdə daha yaxşı məktəblər, ən müasir məktəblər tikiləcək. Ancaq olan məktəblərin direktor tərəfindən yandırılması, hər şey bir tərəfə, bir təhsil işçisi olaraq bu, çox şiddətlə qınanılıb. Bu, bir vandalizmdir. Məktəb, özü də nümayişkarənə şəkildə, yandırılmamalıdır.
Ona görə də bu kimi hallar tərəfimizdən sənədləşdirilir. Müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır və inanırıq ki, uzunmüddətli gələcəkdə də bu tip hadisələri biz ardıcıllıqla, davamlı olaraq gündəmdə saxlamağa çalışacağıq.
Yeni yaradılmış infrastruktur ən müasir infrastruktur olacaq
- Məktəblərdən bəhs etdiniz. İşğaldan azad olunan ərazilərimizdə məktəblərin bərpası necə həyata keçiriləcək? Məsələn, Şuşada, Cəbrayılda və eləcə də digər rayonlarda elə məktəblərimiz var ki, yaşı 100 -dən artıqdır. Yəni, belə deyək, bizim üçün tarixi abidə kimi hesab olunacaq məktəblərdir. Bu cür təhsil ocaqları ilə bağlı hansı işlər görüləcək?
- Ümumiyyətlə, bildiyiniz kimi, geriyə, həm də işğaldan azad olunan torpaqlara qayıdış kompleks yanaşma tələb edir. Həm infrastrukturun bərpası, həm insanların oraya qayıtması, həmçinin təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi.
Məktəblərin və infrastrukturun bərpası təkcə Təhsil Nazirliyinin deyil, digər aidiyyəti həmkar qurumlarla birlikdə ölkə başçısının müvafiq tapşırıqları əsasında həyata keçiriləcək. Hətta dəfələrlə qeyd olunub ki, yeni yaradılmış infrastruktur ən müasir infrastruktur olacaq. Biz buna inanırıq. Həmin ərazilərdə, bildiyiniz kimi, söhbət yüzlərlə məktəbdən, bir neçə peşə təhsil müəssisəsindən gedir. Onların bərpası addım-addım, planlı şəkildə olmalıdır və yaxşı xəbər ondan ibarətdir ki, planlaşdırma baxımından orada hər şey yenidən yaranır. Düşünürəm ki, işlər düzgün aparılarsa, təhsilalanlar üçün daha yaxşı imkanlar yaradıla bilər.
- Cəbhə bölgəsindəki məktəblərin normal fəaliyyətə qayıtması üçün hansı işlər görülür? Qeyd etdiyiniz kimi, Vətən müharibəsi dövründə orada bəzi məhdudiyyətlər qaçılmaz idi. İndi artıq həyat normala dönərkən hansı işlər görüləcək?.
- Ümumiyyətlə, istənilən müharibə həmişə insanların psixologiyası, xüsusilə uşaqların psixologiyasına mənfi təsir edir. Ona görə də burada iki məsələ var. Bir məsələ psixoloji dəstəyin göstərilməsidir. Biz hazırda həm Qırmızı Xaç Cəmiyyəti, YUNİSEF təşkilatı ilə çox sıx şəkildə bu istiqamətdə işləyirik.
Bir neçə istiqamət müəyyən olunub. Birinci istiqamət olaraq, təbii ki, psixoloji dəstək və yardım göstərilməsidir. Eyni zamanda, ərazilərin minalardan və mərmilərdən zərərsizləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla əlaqəli şəkildə, onlarla əməkdaşlıqla maarifləndirmə işlərinin həyata keçirilməsi təmin olunur. Təbii ki, uzunmüddətli vədədə çalışırıq ki, həmin müəssisələrdə tədris və təhsil yaxın gələcəkdə bərpa edilsin. Növbəti illərdə biz bunun xüsusi olaraq həmin bölgələrdə - indi artıq onların bəziləri cəbhə bölgəsi deyil, cəbhə xəttində deyil, ona görə düşünürəm ki, həmin məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi tərəfimizdən reallaşdırılacaq.
Uğurları bir dərs kimi şagirdlərimizə çatdırmalıyıq
- Torpaqlarımız artıq düşməndən azad edilib və uzun illər idi ki, bizim dərsliklərimizdə işğal tarixləri yer tuturdu. Bu gün mühüm məsələlərdən biri, yəqin ki, dərsliklərin dəyişdirilməsi ilə bağlıdır. Qələbədən sonra yeni dərsliklərin hazırlanması qaçılmazdır. Yəqin ki, bu istiqamətdə də artıq fəaliyyətə başlamısınız...
- Bəli. Burada, ümumiyyətlə, məzmun dəyişikliyindən danışırıqsa, təhsilin məzmunu yəqin ki, bir neçə istiqamətdə dəyişəcək. Birincı istiqamət - mahiyyət və əhvali-ruhiyyə məsələsidir. Çünki yenə də mən əvvəldən qeyd etdiyim kimi, bu günə qədər təhsilimizin, məktəblərimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını Vətənin müdafiəsinə, torpaqların işğaldan azad edilməsinə hazırlayaq - bu missiya artıq müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti missiya təbii ki, əldə olunan uğurların qorunması, eyni zamanda da bizim yaşadığımız mühitin və rusklərin, gələcəkdə əvvəllər üzləşdiyimiz məsələlərlə bir daha üzləşməməkdir. Məktəblərdə şagirdləri bu dəyişikliklərə hazırlamalıyıq. Eyni zamanda da qısa zamanda artıq tərəfimizdən istər Şuşanın işğaldan azad olunması, istərsə də ümumiyyətlə, ikinci Vətən müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, növbəti yarımildən bununla bağlı artıq məzmunda müəyyən dəyişikliklər ediləcək. Uzunmüddətli vədədə düşünürəm ki, biz işğal tarixlərini hələ də yadımızda saxlamalıyıq, çünki çox vacib tarixlərdir. Ancaq torpaqlarımızın işğaldan azad olunma tarixləri və xalqımızın, dövlətimizin bu sahədə əldə etdiyi uğurları da bir dərs kimi şagirdlərimizə, təhsilalanlarımıza çatdırmalıyıq.
- Təbii ki. Yəqin ki, qəhrəmanlarımızın, Vətən müharibəsində canlarından keçən qəhrəmanlarımızın da sözsüz ki, real həyat üzərində çoxlu tarixləri, hekayələri yazılacaq. Yeri gəlmişkən, belə bir sual vermək istəyirəm. Bildiyim qədər paytaxtda, yanılmıramsa, yüzdən çox məktəb şəhidlərimizin adını daşıyır. Biz qeyd edirik ki, Vətən müharibəsində təhsil işçiləri, müəllimlər, tələbələr iştirak edirlər. Gələcəkdə bu məktəblərə həmin o şəhid olan müəllimlərin adının verilməsi kimi bir məsələ gündəmə gələ bilərmi?
- Təbii ki, Azərbaycanda həmişə şəhid övladlarının adının əbədiləşdirilməsi istiqamətində işlər görülüb. Siz artıq qeyd etdiniz, təkcə Bakıda yox, ölkənin müxtəlif yerlərində, kəndlərində şəhid adının əbədiləşdirilməsi istiqamətində, həm məktəb adları, həm də onların yaşadıqları küçələrə adlarının verilməsi məsələsi müvafiq qaydalarla tənzimlənən bir məsələdir. İnandığım bundan ibarətdir ki, bu proseslər bitdikdən sonra bu məsələlərin sistemləşdirilməsi və qərarların verilməsi, təbii ki, mümkün olacaq. Hazırkı vəziyyətdə bu məsələ də gündəmdədir və növbəti mərhələlərdə, yəqin ki, müvafiq qərarlar veriləcək.
Ənənəvi təhsilə qayıtmaq hazırda risklidir
- Biz Qarabağ savaşında həm döyüş meydanında, həm siyasətdə qələbə qazandıq. Ancaq biz həm də koronavirus adlı gözəgörünməz bir düşmənlə də mübarizə aparırıq. Koronavirusun təhsilə mənfi təsiri göz qabağındadır. Biz təhsildə bu böhranı necə idarə edirik?
- Bilirsiniz ki, bu, artıq mart ayından başlayan uzun bir bir prosesdir. Məktəblərdə ötən tədris ilində, mart aylarının sonlarında dərslər distant formatda keçirildi. Daha sonra sentyabrın 15-dən məktəblərin fəaliyyəti qismən bərpa olundu. Amma son 4-5 həftə, bir qədər də çox vaxt ərzində yoluxma sayları artır. Sayların rekord həddə çatmasını görürsünüz. Təkcə Bakı şəhərində deyil, həm də bölgələrdə, hətta ən kiçik kənd və qəsəbələrdə yoluxma hallarına tez-tez rast gəlinir.
Bildiyiniz kimi, biz hazırda böhranlı vəziyyətdən danışırıq. Təbii ki, böhranlı vəziyyətdə idarəetmənin özünəməxsus çətinlikləri var. Başa düşürük ki, müəllimlərimiz, tələbələrimiz, şagirdlərimiz, valideynlərimiz üçün situasiya elə də asan deyil. Amma inandığımız həmişə bundan ibarət olub ki, müəyyən vaxt ərzində birlikdə biz bu mərhələdən çıxa bilərik. Bilirsiniz ki, hazırda Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq teledərslər davam etdirilir. Artıq 1 milyon 200 mindən artıq şagird, 120 mindən artıq müəllim elektron məktəb platformasına qoşulub. Bu saylar artır. Ancaq internetdə olan çətinliklər, bacarıqlarla bağlı olan çətinliklər mövcuddur. Ənənəvi təhsilə qayıtmaq, təbii ki, hazırda risklidir. Çünki insanların həyatı mənə görə ən vacib məsələdir. Bunu biz ictimaiyyətlə müzakirələrdə də görürük. Fürsətdən istifadə edib qeyd edim ki, bəzi təhsil müəssisələri və ya ayrı-ayrı mərkəzlər var ki, onlar bəzən ənənəvi təhsilə keçməyə cəhd göstərirlər. Təbii ki, nazirlik olaraq biz məsələni monitorinq edirik. Ancaq hətta valideynlərdən belə bizə şikayət daxil olur ki, üzbəüz dərslər hazırda risklidir. Ona görə də pandemiya ilə bağlı bu situasiya imkan verərsə, müvafiq qurumlarla razılaşdırılmış şəkildə ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün də arzuedilən nəticədir. Amma bu, insanların, müəllimlərin, şagirdlərimizin sağlamlığına və onların ailə üzvlərinə, eyni zamanda digər insanlara yoluxma ilə nəticələnə bilər deyə hazırda bunu etmirik. Mən bunu bir daha vurğulamaq istərdim. O ki qaldı ənənəvi və ya distant təhsilə, mən yenə də deyirəm ki, bu sualı düzgün qoymuruq. Əlbəttə, ənənəvi təhsil yaxşıdır. Bu, birmənalı olaraq belədir. Məqsəd deyil ki, biz distant təhsilə keçək. Sadəcə verilmiş şəraitdə distant və teledərslər mümkün həll yollarıdır. Biz maksimal olaraq bu vasitələri şagirdlərimizə çatdırmağa çalışırıq. Yenə də deyirəm ki, Bakı şəhərində bizim ölçmələr onu göstərir ki, 75-80 faizə qədər, bəzi məktəblərdə 100 faizə qədər, bəzi yerlərdə 50 faiz problemli yerlər görürük. Çünki elektron sistem şagirdin nə vaxt dərsə girdiyini, həmin sistemdən istifadə etməyini monitorda görməyə imkan verir. Amma Bakı, Sumqayıtda təxminən 75 faiz şagirdin elektron dərslərdən yararlandığını görürük, digər şagirdlərimizin teledərslərdən yararlandığına inanırıq.
Ümumilikdə situasiyanı hələlik izləyirik. Mənə görə proses bitdikdən sonra biz hansısa qiymət verə, hansısa monitorinq aparıb müəyyən müdaxilələr hazırlaya bilərik. Bu barədə danışmaq hələlik tezdir. Bilirəm ki, insanları düşündürən suallardan biri də tətildir. Bildiyiniz kimi, 2 həftəlik tətil elan edilmişdir. Ona görə ənənəvi tətil dövründəki dərslər həm teledərslər, həm onlayn formatda davam etdiriləcək. Hər bir vətəndaş əlindən gələni etməlidir ki, böhranlı vəziyyəti yaxşı və səmərəli idarə edək və postpandeniya dövründə artıq mövcud böşluqları düzgün qiymətləndirib daha sonra müxtəlif düzgün alətlərdən - yay proqramları, şənbə dərsləri və s. başqa formatlarda biz şagirdlərimizə kömək edəcəyik ki, itirilən və yaxud yaranmış boşluqları doldura bilək.
- Təbii ki, bu mərhələdə müəyyən axsamalar və ya geriləmələr olacaq. Onları sonradan sığortalamaq, boşluqları doldurmaq üçün Təhsil Nazirliyi artıq bununla bağlı düşünür?
- Bəli, bu barədə düşünürük. Yenə də onu deyirəm ki, situasiyanı düzgün başa düşməliyik. Düz başa düşmək üçün isə situasiya bitməlidir. Çünki biz növbəti 2-4 həftədə nələr olacağını bilmirik. Amma mən yenə də fürsətdən istifadə edib ictimaiyyətə üzümü tuturam ki, biz anbaan təbii ki, indi çox qürurlu anlar, sevincli anlar yaşayırıq, amma eyni zamanda unutmamalıyıq ki, ikinci, belə deyək, düşmənimiz də var. Ona qarşı da mübarizədə Vətən müharibəsində göstərdiyimiz həmrəyliyi, birliyi göstərib ona qalib gələ bilərik. Bunun başqa yolu yoxdur.
Bu semestr 10 mindən artıq tələbənin maliyyəsini ödəyəcəyik
- Emin müəllim, cənab Prezidentin sərəncamı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı müvafiq işlər görülür. Tədris ilinin birinci semestrində artıq tələbələr bu imkandan istifadə ediblər. Bu proseslə bağlı vəziyyət nə yerdədir?
- Bu proses davam edir. İnternetlə bağlı müəyyən məhdudiyyətlər olduğuna görə bu məsələdə bir qədər ləngimələr var idi. Mən iki məsələni xüsusi qeyd etmək istəyirəm. Artıq 10 mindən artıq tələbənin təhsil haqqı ilə bağlı müraciəti qeydə alınıb və təsdiqlənib, bu həftə onlara bu barədə aidiyyəti üzrə təsdiq mesajları göndəriləcək. Bizim hələ də imkanımız var ki, həmin qrupa düşən insanların, xüsusilə birinci kursda təhsil alan və həmin meyarlara cavab verən tələbələrin təhsil haqlarını ödəyək. Onlar e-telebe.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ola bilər, birinci kurs tələbələri bu barədə məlumatsızdırlar. Bu qruplara ailələri ünvanlı sosial yardım alan, hər iki valideyni əlil, valideynləri işləməyən ailələrdən olan tələbələr orta ixtisas və ya ali təhsil alanlar, peşə təhsili müəssisələrində oxuyanlar fərqi yoxdur, həmin sistemə müraciət etməklə onların təhsil haqları ölkə başçısının tapşırığına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən ödənilə bilər. Bunun üçün zəruri şərt onların sistemə müraciət etməsidir. Biz dekabr ayına kimi bu prosesi davam etdiririk. Yəni ali təhsil müəssisələri ilə sıx işləyirik. Ötən semestr təxminən 15 min tələbənin təhsil haqqı ödənilib. Bu semestr 10 mindən artıq tələbənin maliyyəsini ödəyəcəyik və gözləyirik ki, digər insanlar da müraciət etsinlər.
- Təşəkkür edirik və Sizə uğurlar arzulayırıq. Çox sağ olun ki, studiyamıza gəlib suallarımızı cavablandırdınız.
- Sağ olun, mən də bir daha sizi və xalqımızı böyük Qələbə münasibətilə təbrik edirəm.