• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi təmin edilsin.

2. Peşə təhsili müəssisələrində 2019-2020-ci tədris ilinə ümumtəhsil fənləri üzrə vakant olan vəzifələrə müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahanında uğur qazanmış namizədlərlə müsahibələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (P.Yusifov) təşkil edilsin.

3. 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).

4. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını təmin etsinlər.

5. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutuna (V.Yaqublu) tapşırılsın:

5.1 cari ilin may ayının 31-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerləri barədə məlumatın toplanılmasını və təhlilini təmin etsin;

5.2. elektron test imtahanının keçirilməsi ilə bağlı zəruri təşkilati və təhlükəsizlik tədbirlərini həyata keçirsin;

5.3 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı vasitəsilə cari ilin iyun ayının 1-21 tarixlərində təşkil etsin;

5.4. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə cari ilin 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulunu təşkil etsin;

5.5. Bakı şəhəri üzrə Təhsil İdarəsi (R.Tağıyev) ilə birlikdə yekun müsahibə mərhələsi üçün komissiyaların təşkil edilməsini, direktor və ixtisas müəllimlərinin cəlb edilməsini təmin etsin.

6. Azərbaycan Texniki Universiteti (X.Yahudov) müsabiqənin test imtahanı və müsahibə mərhələlərinin universitetin tədris binasında keçiriləcəyini nəzərə alsın və bununla bağlı lazımi tədbirləri həyata keçirsin.

7.Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (V.Xanlarov) tapşırılsın:

7.1 müsabiqələr zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz fəaliyyətini və dayanıqlığını təmin etsin;

7.2 proqram təminatının təhlükəsizliyini artırmaq məqsədi ilə əlavə dəyişikliklərin edilməsini təmin etsin;

7.3 imtahan mərkəzi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında bağlantını təmin etsin, server avadanlığına nəzarəti həyata keçirsin və məlumatların replikasiya vasitəsi ilə təhlükəsiz saxlanılmasına şərait yaratsın.

8. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqələrin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar tələb olunan zəruri tədbirləri həyata keçirsin.

9. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

10. Yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinə tapşırılsın:

10.1 vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla cari ilin 30 may tarixinə kimi müvafiq qaydada elektron portala daxil edilməsini təmin etsinlər;

10.2 müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılmasını təmin etsinlər;

10.3 ərazi maliyyə hesablaşma mərkəzləri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər üzrə ödənişləri vaxtında təmin etsinlər;

10.4 Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında cari ilin 1 oktyabr tarixinədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim etsinlər.

11. İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:

11.1. qaydalara uyğun müsabiqənin təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin, müsabiqələrin nəticələrinə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin;

11.2. müsabiqələrin nəticələri üzrə statistik məlumatları və hesabatları hazırlayıb rəhbərliyə təqdim etsin.

12. İnformasiya şöbəsi (E.Məmmədov) Nazirliyin rəsmi internet səhifəsində bu əmrin, müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini təmin etsin.

13. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə edilsin.

Əsas: Aparat rəhbəri Muxtar Məmmədovun xidməti məlumatı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 may 2019-cu il

F-321