İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri (2014-2015 Payız semestri)
Ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Ali təhsil müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyası 29 dekabr 2014-cü ildə başlasın və 18 yanvar 2015-ci il tarixində sona çatsın.
3. Təhsil nazirinin müavini (C.Bayramov), Aparatın rəhbəri (M.Eynullayev), Aparat rəhbərinin müavini (Y.Piriyev), Elm və ali təhsil (G.Hüseynova) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
- ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
4. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
5. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 dekabr 2014-cü il
№ 1205
Azərbaycan Respublikasının təhsil naziri
4 dekabr 2014-cü il
№ 1205