İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri (2015-2016 Payız semestri)
Orta ixtisas təhsili müəssisələrində 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
- imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
- rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;
- imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;
- imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
- nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar;
- imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. Aparatın rəhbəri (M.Eynullayev), İlk peşə və orta ixtisas təhsili (S.Vəliyev) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
- imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi ilə bağlı Nazirliyin rəhbərliyini məlumatlandırsınlar;
- orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
3. Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
4. Əmr nazirliyin internet saytında yerləşdirilsin.
5. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.
Əsas: İlk peşə və orta ixtisas təhsili şöbəsinin Orta ixtisas təhsili sektorunun 2015-ci il üçün iş planı
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 dekabr 2015-ci il
№1125