• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmişdir.

 

 

 

 

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası

 

1. Ümumi müddəalar

Bu Qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində summativ qiymətləndirmənin aparılması və yarımillik qiymətlərin hesablanması məsələlərini tənzimləyir.

 

2. Summativ qiymətləndirmə

2.1. Summativ qiymətləndirmə hər bir fənn üzrə təhsil proqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə yarımilliyin sonunda bir dəfə olmaqla distant formada aparılır.

2.2. I sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmır.

2.3. II-XI sinif şagirdlərinin tədris ilində bütün fənlər üzrə summativ qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən aparılır.

2.4. Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.

2.5. Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə) istifadə olunur.

2.6. Summativ qiymətləndirmə 45-60 dəqiqə ərzində təşkil olunur.

2.7. Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

2.7.1. 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;

2.7.2. 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

2.7.3. 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;

2.7.4. 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

2.8. Şagirdin ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:

2.8.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;

2.8.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;

2.8.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;

2.8.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.

2.9. Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur.

2.10. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 (bir) ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalan qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə qiymətləndirmə üzrə balı “0” qəbul olunur.”

 

3. Yarımillik qiymətlərin hesablanması

Summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur və sinif jurnalında müvafiq qaydada yazılır.

 

4. Yekun müddəalar

4.1. Bu Qayda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili müddətində qüvvədədir.

4.2. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.