2026-2027-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:
1. 2026-2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu valideynlərin (və ya digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilsin.
2. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (və ya digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına 2026-cı il 10 iyul, ümumi təhsil müəssisəsinin seçiminə Azərbaycan bölməsi üzrə 21 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə 22 iyul tarixlərində başlanılsın.
3. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə (Elxan Nəcəfov) və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın:
3.1. 2026-2027-ci tədris ilində məktəbəhazırlıq qruplarına qəbul olunacaq 2021-ci ildə anadan olmuş uşaqların sayının, ərazilər üzrə məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrinin və məktəbəhazırlıq qruplarında tədrisi həyata keçirəcək müəllimlərin müəyyənləşdirilməsini;
3.2. məktəbəhazırlıq qrupları təşkil ediləcək ümumi təhsil müəssisələrində lazımi təlim şəraitinin yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsini;
3.3. ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılması barədə valideynlərin məlumatlandırılmasını;
3.4. 2026-2027-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatın Elm və Təhsil Nazirliyinin Aparatının Satınalmalar və qrantlar sektoruna və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunmasını təmin etsin.
4. Elm və Təhsil Nazirliyinin Aparatının Satınalmalar və qrantlar sektoruna (Vüsalə Əliyeva) və Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə (Valeh Mirzalıyev) tapşırılsın ki, bu əmrin 3.4-cü bəndinin icrasından irəli gələn aidiyyəti tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
5. Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə (Valeh Mirzalıyev) tapşırılsın ki, müvafiq rayonlar (şəhərlər) üzrə məktəbəhazırlıq qrupları təşkil olunacaq ümumi təhsil müəssisələrinin maddi-texniki təchizatını təmin etsin.
6. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (Vüsal Xanlarov) tapşırılsın ki, mektebeqebul.edu.az elektron portalının fasiləsiz fəaliyyətini təmin etsin.
7. Elm və Təhsil Nazirliyinin Aparatının Məktəbəqədər və ümumi təhsil şöbəsinə (Nəriman Qəhrəmanlı) tapşırılsın ki, məktəbəhazırlıq qruplarının tədris planını hazırlasın və təsdiqə təqdim etsin.
8. Elm və Təhsil Nazirliyinin Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə (Səbuhi Rzayev) tapşırılsın ki, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı ictimaiyyətin məlumatlandırılmasını təmin etsin.
9. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinə (Qorxmaz Əliyev) tapşırılsın ki, bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
14 iyul 2026-cı il
3-29/3-2-372F/2026
