“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20
Noyabrın 27-də “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının (QAİ) rəhbərliyi, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, məktəblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Əvvəlcə müsabiqə iştirakçılarının hazırladıqları Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərginin açılışı olub. Qonaqlar sərgi ilə tanış olub, məktəblilərin əl işlərinə baxış keçiriblər.
Tədbiri giriş sözü ilə açan QAİ-nin Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə dairəsi və nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, o cümlədən Xankəndidən olan məktəbliləri əhatə edib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərqliliyi nəzərə alınaraq bu say artırılıb və final mərhələsinə 160 layihə seçilib.
QAİ-nin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli isə vurğulayıb ki, layihənin əsas əhəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir. Əlavə edib ki, qalib layihələr dekabrın 4-də keçiriləcək Qərbi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdiriləcək. Tədbirdə 70-dən çox ölkədən 100-dən artıq nümayəndənin iştirakı gözlənilir və məktəblilərin əl işləri beynəlxalq qonaqlara təqdim olunmaqla Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılmasına xidmət edəcək.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında tarixi və mədəni abidələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, tarixi yaddaşın qorunmasında və milli-mənəvi dəyərlərin ötürülməsində mühüm rolunu vurğulayıb. Qeyd edib ki, tarixi abidələrin, memorial komplekslərin və doğma diyarın mədəni irsinin öyrənilməsi şagirdlərdə keçmişə bağlılıq, milli kimlik və Vətənə məhəbbət hisslərinin formalaşmasına, eləcə də tarixi faktları təhlil etmək və tənqidi düşünmək bacarıqlarının inkişafına töhfə verir. Bu baxımdan, təhsil prosesində tarixi-mədəni irs nümunələrindən daha geniş istifadə olunmasının vacibliyini diqqətə çatdırıb.
QAİ-nin Müşahidə Şurasının sədri Misir Mərdanov öz növbəsində layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətinə toxunub.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
