“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UI GreenMetric ilə birgə təşkil olunan “UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” beynəlxalq tədbirinin açılış mərasimi keçirilib.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində dayanıqlı inkişaf prinsiplərinin təşviqi, yaşıl kampus yanaşmasının inkişaf etdirilməsi, bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsidir. Tədbirdə dövlət rəsmiləri, müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova, İndoneziya Respublikasının Azərbaycandakı səfiri Berlian Helmy, ADNSU-nun rektoru Rüfət Əzizov və IREG Observatory on Academic Ranking and Excellence təşkilatının prezidenti Waldemar Siwiński çıxış ediblər.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında Azərbaycanın yaşıl inkişaf gündəliyindən və qlobal ekoloji dialoqda fəal iştirakından bəhs edib. COP29-un Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini yaşıl inkişaf prinsiplərinin ali təhsil müəssisələrinin fəaliyyətində praktik tətbiqinin vacibliyini qeyd edib, həmçinin Qarabağda həyata keçirilən irimiqyaslı yaşıl layihələrə toxunub.
EATDA-nın direktoru Ülkər Səttarova beynəlxalq reytinqlərin universitetlər üçün son məqsəd deyil, institusional inkişafın istiqamətlərini müəyyənləşdirməyə və beynəlxalq təcrübədən faydalanmağa imkan yaradan vasitə kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O, ali təhsil müəssisələrinin yaşıl keçid prosesindəki roluna diqqət çəkərək dayanıqlılıq prinsiplərinin kampus idarəçiliyi ilə yanaşı, təhsil və elmi-tədqiqat fəaliyyətində də tətbiqinin əhəmiyyətini qeyd edib.
ADNSU-nun rektoru Rüfət Əzizov tədbirin Azərbaycanda keçirilməsinin dayanıqlı inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi və universitetlərarası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, universitetdə yaşıl kampus prinsiplərinin təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Qeyd edək ki, 23-25 sentyabr tarixlərini əhatə edən tədbir çərçivəsində ali təhsildə dayanıqlılıq, universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsi, yaşıl kampusların inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarına dair panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.
23.09.2026 - 17:51
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
