Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib

İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) "Məzun günü" tədbiri keçirilib.

 

Əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev əvvəlcə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.  Rektor bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Bakı Dövlət Universiteti hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir. 

 

Sonra universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

 

Çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir. Onlardan 6 mindən çoxu Bakı Dövlət Universitetinin məzunudur. Nazir müavini qeyd edib ki, ölkəmizdə təhsildə insan kapitalının inkişafına ciddi diqqət yetirilir: “Ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasətin prioritet istiqamətlərindən biri də məhz təhsil və insan kapitalıdır. Ali təhsilin əlçatanlığı və əhatə dairəsi artırılıb, məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətliliyi gücləndirilib. 2025-ci ilin göstəricisinə görə, 9 ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə təmsil olunub. Onların 6-sı TOP-1000-likdə yerləşib. Təhsil tariximizdə ilk dəfə olaraq Bakı Dövlət Universiteti 688-ci sıra ilə beynəlxalq reytinqdə təmsil olunub. Ümid edirəm ki, ali təhsil müəssisələrimizin bu göstəriciləri növbəti illərdə daha da yaxşılaşacaq”.

 

İdris İsayev vurğulayıb ki, hazırda ali təhsil müəssisələrinə il ərzində təxminən 78 min tələbə qəbul edilir. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində hər il 500-ə yaxın istedadlı gənc bakalavriat, magistratura, doktorantura səviyyəsində xarici nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə beynəlxalq ikili diplom proqramlarının sayının səkkizə çatdırılması nəzərdə tutulub. Hazırda altı proqram fəaliyyət göstərir.

 

Milli Məclis sədrinin müavini Rafael Hüseynov öz növbəsində qeyd edib ki,  bir əsrdən artıq tarixə malik olan Bakı Dövlət Universiteti ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında hər zaman aparıcı rol oynayıb. Azərbaycanı dünyada tanıdan, onu inkişaf etdirən ən böyük qüvvə onun savadlı, vətənpərvər övladlarıdır. Bu övladların böyük bir hissəsi dünən də, bu gün də, sabah da Bakı Dövlət Universitetində yetişəcək. 

 

Çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, BDU Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var. 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin ilk ali təhsil müəssisəsi olan BDU-nun hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nufuzlu mərkəzlərindən biri olduğunu deyib. O qeyd edib ki, bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır. 

 

Digər çıxışçılar da  məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

 

Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və hədiyyələr təqdim edilib.

 

Tədbir konsert proqramı ilə davam edib.


13.06.2026 - 10:00