Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, millət vəkilləri, elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.
Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdıraraq açılış nitqi edən AMEA-nın prezidenti İsa Həbibbəyli “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzə ilə çıxış edib.
Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqənin ciddi şəkildə monitorinqinə başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.
Nazir, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. Azərbaycanla bağlı tədqiqatlar aparan sosial və humanitar sahələr üzrə alimlərin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Son illərdə Azərbaycanda elm sahəsində aparılan dəyişikliklərdən, islahatlardan danışan nazir ali təhsil və elmi müəssisələr arasındakı əlaqələrə də toxunub. Nazir son illərdə müvafiq sferada aparılan islahatların, həyata keçirilən kompleks tədbirlərin nəticəsində elm və təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, elmi məhsuldarlığın yüksəldiyini, müsbət təzahürlərin müşahidə olunduğunu və ölkəmizin beynəlxalq reytinqlərdə irəlilədiyini diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında fondun fəaliyyəti haqqında danışıb. AMEA-nın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini söyləyib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib, alimlərə uğurlar arzulayıb.
Daha sonra AMEA-nın akademik-katibi Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.
Ardınca AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbir çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Müzəffər Şəkər və ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü Li Leinin onlayn çıxışları təqdim olunub.
Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.
20.02.2025 - 15:30
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00