• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"SABAH-ın məzunu – 2024" tədbiri keçirilib

İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” tədbiri keçirilib. 
 

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər. 
 

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. 
 

Sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq "SABAH qrupları" layihəsinin mahiyyət və məqsədi barədə danışıb. Layihənin ali təhsildə yenilik istiqamətində nəzərdə tutulan hədəflərə doğru bir addım olduğunu vurğulayan Emin Əmrullayev qeyd edib ki, SABAH ali təhsil müəssisələrinə yeni yanaşma gətirib. Nazir əlavə edib ki, savadlı və bacarıqlı tələbələr üçün yaradılmış bu proqrama nəzər saldıqda uğurlu nəticələri görmək mümkündür. 
 

Nazir həmçinin bildirib ki, SABAH qruplarının 10 illik fəaliyyəti ərzində yaratdığı fərqli imkanlar tələbələr arasında rəqabət formalaşdırıb. Gələcəkdə bu pilot layihənin genişləndirilməsinin zəruriliyinə toxunan elm və təhsil naziri çıxışının sonunda SABAH məzunlarını təbrik edib və sözügedən qrupların fəaliyyətinin Azərbaycanı gələcəkdə daha güclü dövlətə çevirəcəyinə inamını bildirib. 
 

Ardınca isə SABAH-ın uğurlu məzunları ilə bağlı videoçarx nümayiş etdirilib. 
 

Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi SABAH açarının növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib. 
 

Daha sonra yüksək göstəriciləri ilə fərqlənən məzunlar ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar. 
 

Təltifetmə mərasimindən sonra “SABAH qrupları – 2024” mövzusunda videoçarx nümayiş etdirilib. 
 

Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib. 
 

Tədbirin sonunda isə xatirə şəkli çəkdirilib. 
 

Qeyd edək ki, 2023–2024-cü tədris ilində 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur. 
 

Elm və Təhsil Nazirliyinin “SABAH qrupları” layihəsi hazırda 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası və 2 846 tələbəni əhatə edir.


04.07.2024 - 15:32