• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda “Baku ID” innovasiya festivalı başlayıb

İyunun 27-də Bakıda Azərbaycan və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı başlayıb.
 

SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə keçirilən festivalın ilk günündə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və digər rəsmilər iştirak ediblər.
 

“Bakı Kristal Zal”da baş tutan builki “Baku ID” tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb.


Tədbir çərçivəsində keçirilən panel sessiyasında çıxış edən elm və təhsil naziri Emin Əmrullayev SABAH qrupları barədə məlumat verib. Nazir bildirib ki, SABAH qrupları yarandığı 2014-cü ildən bəri istedadları üzə çıxarmaq, onların bacarıqlarını artırmaq istiqamətində önəmli bir inkişaf dövrü keçirib. Müasir dövrdə fərqli bacarıqlara daha çox üstünlük verildiyini diqqətə çatdıran Emin Əmrullayev bildirib ki, bu il rəqəmsal bacarıqların ilk məzunları olacaq. Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir. "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar. Bildirilib ki, layihədən məzun olan şagirdlərin sayının növbəti illərdə 20-30 minə çatdırılması planlaşdırılır.
 

Çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın startaplar üçün hab rolunu oynaya biləcəyini vurğulayıb. İqtisadiyyat Nazirliyinin mentorluq proqramlarına resurslar ayırmağa hazır olduğunu diqqətə çatdıran Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır. Nazir qeyd edib ki, biz ekosistemi təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik. Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzi işə salınır. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir. 
 

Panel sessiyasında çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, SOCAR startaplar üçün innovativ məhsullara olan tələbatı təmin edir. Onun sözlərinə görə, innovativ məhsullar hər zaman alıcı bazarına, istehsal şirkətlərinə yönəlib və onlar istənilən şirkətə, o cümlədən SOCAR-a işi daha sürətli, daha ucuz və səmərəli yerinə yetirməyə kömək edə bilər. Bu, şirkət üçün əlavə dəyər yaradır. Rövşən Nəcəf digər dövlət şirkətlərini də startaplar sahəsində daha fəal olmağa çağırıb. 
 

"Sabah HUB" İnnovasiya Mərkəzinin direktoru Rəhim Bayramlı da öz növbəsində "Sabah city" texnopark layihəsi barədə məlumat verib. Rəhim Bayramlı qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihənin məqsədi ekosistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmək və tədqiqatlar aparmaqdır. 
 
Qeyd edilib ki, tədbir çərçivəsində Süni İntellekt üzrə panel sessiyası təşkil olunacaq. Bundan başqa, qurumun icraçı direktoru Fariz Cəfərov “Emissiyanın sıfıra enməsində startapların artan rolu” panelində spiker qismində çıxış edəcək.
 

Festival çərçivəsində 4SİM stendində mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanmaq mümkün olacaq.
 

“Baku ID” çərçivəsində SABAH Hub və 4SİM arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.
 

Festivalın startap müsabiqəsində iştirak edən startaplar 1 milyon ABŞ dolları dəyəri olan investisiya fondundan yararlana bilərlər. Lakin bu məbləğ digər partnyorların dəstəliyi ilə artmağa davam edir. Bu, həmçinin ölkə tarixində bir innovasiya tədbirində verilən ən böyük həcmli mükafat fondudur. Bununla da “Baku ID” ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə tədbir zamanı startaplar "Startup Battle" konsepsiyası çərçivəsində mübarizə apararaq 15.000 AZN qrant mükafatının sahibi ola bilərlər. Ümumilikdə isə startaplar 1.7 milyon AZN-dən çox investisiya alacaq. 
 

Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və “Google”, “Sandbox”, “Hungri Games”, “HepsiBurada Global” kimi şirkətlərin iştirakı nəzərdə tutulub. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaq.
 

İştirakçıları həmçinin qlobal texnologiya şirkətlərindən olan spikerlərin çıxışları, müxtəlif panel sessiyaları, region strataplarının təqdimat çıxışları, netvorkinq və digər maraqlı fəaliyyətlər gözləyir.
 

Qeyd edək ki, iyunun 28-də də davam edəcək “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşlar isə 4SİM və IDDA-dır.


27.06.2024 - 13:00