• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib

Aprelin 21-də “Şuşa ili” tədbirləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.

Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Türkiyə, İtaliya və Qazaxıstandan gəlmiş alimlər də iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Ali baş komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsi nəticəsində geri qaytarılmış Qarabağ və Şərqi Zəngəzur torpaqlarında bərpa işlərinin aparıldığı bir zamanda təşkil edilmiş bu konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir müavini deyib ki, azad edilmiş torpaqlarımızda dağıdılmış və ya saxtalaşdırılmış memarlıq abidələrinin bərpası, qorunması və ən başlıcası onlardan istifadə istiqamətində elmi qənaətlərin əldə edilməsi həm Azərbaycan, həm də dünya mədəniyyəti üçün vacibdir. Bu tipli konfranslar alimlər, praktik memarlarla yanaşı tələbələrimiz üçün çox faydalıdır.

Çıxışının sonunda konfransın elmi olmaqla yanaşı həm də ideoloji bir tədbir olduğunu, vətənpərvərlik və azərbaycançılıq ideyalarını da özündə ehtiva etdiyini qeyd edən Firudin Qurbanov konfransın işinə uğurlar arzu edib.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova işğaldan azad olunmuş torpaqlarda başlanan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli isə öz növbəsində gələcək illərdəki planları qeyd edib.

Sonra Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinlənilib.

Qeyd edək ki, konfrans həm onlayn, həm də əyani formada keçirilib.


3 il əvvəl