Ümumi məlumat
Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.
Fəaliyyət İstiqamətləri
Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir.
Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir.
İxtisasartırma Təhsili
İxtisasartırma təhsili əlavə təhsilin bir istiqaməti olmaqla, ali, orta ixtisas və ilk peşə- ixtisas təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət sənədi olan kadrların fasiləsiz təhsil almaq imkanını təmin etmək məqsədi ilə əlavə təhsil müəssisələri tərəfindən həyata keçirilən təhsil növüdür.
İxtisasartırma təhsilinin əsas məqsədi hər bir işçinin və ya mütəxəssisin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakını təmin etməkdir.
İxtisasartırma təhsili üzrə təlim modulları:
Modulların sayı və modullar üzrə təlim saatlarının tələb olunan minimum həcmi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.
Yenidənhazırlanma Təhsili
Yenidənhazırlanma təhsili ilkin baza peşə-ixtisas təhsili almış və müəyyən əmək sahəsində çalışan hər bir vətəndaşın müvafiq sahə üzrə yeni peşə və ixtisasa yiyələnmək istəyini həyata keçirən əlavə təhsil formasıdır və kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir. Bu təhsil forması ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə mütəxəssislərə verilən əlavə təhsildir. Proqramlar arasındakı fərq yenidənhazırlanma təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
Stajkeçmə və Kadrların Təkmilləşdirilməsi
Stajkeçmə və kadrların təkmilləşdirilməsi təhsili peşəkarlıq səviyyəsinin və əməyin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır, kadrların peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinə, nəzəri biliklərin təcrübə ilə əlaqələndirilməsinə, daha müasir peşə bacarıq və vərdişlərinin qazanılmasına, yeni texnologiyalar və innovasiyalar sisteminin tətbiqi üzrə təcrübə əldə edilməsinə xidmət edir.
Stajkeçmə və kadrların təkmilləşdirilməsi aşağıdakı proses və ya tədbirləri özündə birləşdirir:
-
Hər hansı sahə üzrə yeniliklərlə operativ tanışlıq və öz həmkarları ilə təcrübə mübadiləsini;
-
Distant (məsafədən) ötürmə üsulu ilə yeni materialların əldə edilməsi, onların yayılması və bu istiqamətdə fikir mübadilələrinin aparılmasını;
-
Aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dəvət olunması, problem mövzular ətrafında müzakirələrin təşkili və nəticələrin təhlilini;
-
Kadr hazırlığı, ixtisasartırma təhsilində tətbiq olunacaq modulların, eləcə də yeni təlim materiallarının müzakirəsində iştirak edilməsi və nəticələr barədə əsaslandırılmış təkliflərin verilməsini.
Təkrar Ali və Orta İxtisas Təhsili
Təkrar ali təhsil və orta ixtisas təhsili ilkin baza peşə-ixtisas təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduqda, mütəxəssislərə verilən əlavə təhsil növüdür. Proqramlar arasındakı fərq təkrar ali təhsil və orta ixtisas təhsili verən müəssisə tərəfindən müəyyən edilir.
Dərəcələrin Yüksəldilməsi Təhsili
Dərəcələrin yüksəldilməsi təhsili ali təhsilli kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsinə xidmət edir və ilkin baza təhsili proqramı ilə yenidən əldə ediləcək ixtisas üzrə bakalavr təhsili proqramı arasındakı fərqin 1 tədris ilinə hesablanmış saatdan az və 2 tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə subbakalavra verilən əlavə təhsildir.
Yaşlıların Təhsili
Yaşlıların təhsili vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən əlavə təhsil növüdür. Əlavə təhsilin bu istiqaməti əməkqabiliyyətli əhalinin böyük bir hissəsinin əmək bazarında rəqabətqabiliyyətli olmaları üçün onların yenidən ixtisaslaşması, yeni şəraitə uyğunlaşdırılması və yeni iş imkanlarının yaradılması zərurətindən irəli gəlir.