• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dekabrın 5-də 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Alman-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Florian Şröder, MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov, «KNAUF Marketinq Baku» MMC-nin baş direktoru Samir Quliyev, Almaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər müvəkkili Peter Zigler, KNAUF şirkətlər qrupunun Almaniya, Rusiya və Gürcüstandakı  mərkəzlərinin rəhbərləri və başqaları iştirak ediblər.
Qeyd edək ki, KNAUF Resurs Mərkəzi 2010-cu il dekabrın 8-də Təhsil Nazirliyi ilə KNAUF şirkətlər qrupu arasında imzalanmış Niyyət Protokolu əsasında yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə ölkəmizin əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, dünyanın qabaqcıl peşə hazırlığı təcrübəsindən geniş istifadə edilməsi, məzunların daxili və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılması və ölkəmizin tikinti sektorunun ixtisaslı kadrlarla təmin olunmasından ibarətdir. Hazırda 4 nömrəli Bakı Peşə Liseyində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanılıb.
Təhsil naziri Misir Mərdanov 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs Mərkəzinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib və bu münasibətlə mərasim iştirakçılarını təbrik edib.
Sonra iştirakçılar mərkəzlə yaxından tanış olublar. Ən müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və nəzəri təlim otağında olan qonaqlar, həmçinin burada şagirdlər üçün yaradılan şəraitlə maraqlanıblar.
«KNAUF Marketinq Baku» MMC-nin baş direktoru Samir Quliyev təmsil etdiyi şirkətin ölkəmizdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə məlumat verib, resurs mərkəzinin əsas məqsəd və məramı haqqında danışıb. S.Quliyev qeyd edib ki, gələcəkdə digər ilk peşə-ixtisas təhsili müəssisələrində də belə mərkəzlərin yaradılması nəzərdə tutulur.
Resurs Mərkəzi ilə ətraflı tanış olan nazir Misir Mərdanov burada gənclərin seçdikləri ixtisasa uyğun təhsil almaları və istehsalat təcrübəsi keçmələri üçün yaradılan şəraitdən razı qaldığını, görülən işlərin qaneedici olduğunu söyləyib.
Sonra peşə təhsili müəssisəsinin akt zalında MDB üzrə KNAUF Akademiyasının rəhbəri Andrey Bıkov «KNAUF şirkətlər qrupunun MDB ölkələrinin təhsilin idarəetmə təşkilatları və təhsil müəssisələri ilə əməkdaşlığı» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda KNAUF şirkətinin ayrı-ayrı ölkələrdəki fəaliyyəti, təhsillə bağlı gördüyü işlər və digər məsələlər barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov peşə təhsilinin inkişafının dövlət siyasətində prioritet məsələlərdən biri olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)» çərçivəsində görülən işlər barədə məlumat verən nazir son illər peşə təhsilinin inkişafı istiqamətində müəyyən addımların atıldığını, bir sıra xarici təşkilatların, şirkətlərin bu sahəyə ciddi maraq göstərdiklərini, müxtəlif layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təqdirəlayiq hal kimi dəyərləndirib.
Misir Mərdanov texniki peşə təhsilinin ölkədə sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyərək qarşıda duran həlli vacib məsələlərə də toxunub. Çıxışının sonunda təhsil naziri ən müasir avadanlıqlarla təchiz olunmuş belə bir resurs mərkəzinin açılmasının peşəkar fəhlə kadrların hazırlanmasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini vurğulayıb, peşə təhsilinin inkişafı ilə bağlı beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.


8 il əvvəl