27.04.2018

Peşə təhsili ilə bağlı koreyalı ekspertlərlə görüş keçirilib

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq “Peşə Təhsil Mərkəzi” layihəsi çərçivəsində tədris olunacaq peşə istiqamətləri üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və müəllimlərin seçilməsinə dair müzakirələrin aparılması olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müxtəlif zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla yaradılacaq nümunəvi peşə təhsil müəssisəsinin peşə təhsilinin, eləcə də təhsilalanların bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə koreyalı mütəxəssislər mərkəzdə həyata keçiriləcək təhsil proqramları (kurikulumları), modulların ilkin formatı və dərs saatlarının bölgüsü, seçiləcək müəllimlərə qoyulan tələblər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Peşə Təhsil Mərkəzində tədris olunacaq 8 ixtisasın hər biri üzrə 3 müəllim seçilərək Cənubi Koreya Respublikasında 3 aylıq təcrübə proqramında iştirak edəcək, mərkəzdəki avadanlıqlarla işləməyi və yeni təhsil proqramını öyrənəcəklər.

Koreyalı mütəxəssislər yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına  əmin olduqlarını bildiriblər.


Açar sözlər: