25.04.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış

Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!” mövzusunda breyn-rinq intellektual bilik yarışmasının ikinci- rayon mərhələsi keçirilib.

Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrindən VII–IX siniflər üzrə  intellektual səviyyəsi, hazırlığı ilə seçilən 390 şagirddən ibarət 65 komanda iştirak edib.

Rayon mərhələsinin birinci günündə Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayonunun məktəblərindən 35, ikinci günü isə Xocalı, Füzuli, Ağdam, Сəbrayıl rayon məktəblərindən 30 komanda iştirak edib.

İki gün ərzində hər birində 6-7 komandanın iştirakı ilə 10 oyun keçirilib. Hər oyunda “Azərbaycan tarixi”, “Coğrafiya” və “Həyat bilgisi” fənlərindən 4 sual olmaqla, 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Ən çox bal toplayan komandalar final mərhələsində iştirak etmək hüququ qazanıb.

Final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: