17.11.2017

Azərbaycan Texniki Universitetinin idman sarayı istifadəyə verilib

Noyabrın 17-də Azərbaycan Texniki Universitetinin idman sarayının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad  Hacıyev, millət vəkilləri və ali məktəblərin rektorları iştirak edib.

İdman sarayı ilə tanış olan qonaqlara məlumat verilib ki, sarayda  təkcə  bu universitetin  tələbələri üçün deyil,  həmçinin məktəblilər, peşəkar idmanla məşğul olmaq istəyən hər kəs üçün əlverişli şərait yaradılıb. Təhsil Nazirliyi tərəfindən təmir olunan sarayın ümumi sahəsi 1804 kvadrat metrdir, 928  yerlik tamaşaçı tutumuna malik universal zalı hündürlüyünə görə beynəlxalq standartlara cavab verir. Burada idmançılar trenajor, güləş, voleybol, basketbol, həndbol, futbol, badminton, qılıncoynatma, cüdo, boks, karate idman növləri üzrə məşğul ola bilərlər. Eləcə də idman sarayında toplantı zalları, yuyunma,  soyunub-geyinmə otaqları, məşqçi zalları fəaliyyət göstərir.

İdman sarayının bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun təşəbbüsü və şəxsi nəzarəti altında 1973-cü ildə sarayın tikintisi başa çatdırılaraq bu ali təhsil müəssisəsinin istifadəsinə verilib.  Saray istifadəyə verildikdən sonra tələbələr arasında xeyli idman ustaları yetişib. Onlardan 18 nəfəri İttifaq və beynəlxalq yarışlarda yer tutub, bəziləri isə ayrı-ayrı idman növləri üzrə Avropa, dünya çempionu olublar.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  bütün sahələrdə olduğu kimi, idman arenalarında da uğurlar qazanılır, dövlət himninin sədaları altında Azərbaycan bayrağı ucalara yüksəlir.

Tədbirdə Təhsil TV-nin idman sarayı ilə bağlı hazırladığı video-çarx nümayiş olunub.

Sonra 2017-2018-ci illərdə badminton üzrə ali təhsil müəssisələrinin komandaları arasında keçirilən turnirin püşkatma mərasimi olub. Cari ilin dekabr ayında universitetlər arasında start veriləcək turnirin komandalarının adları müəyyən olunub.

Qonaqlar oğlanlar arasında şəxsi kateqoriya üzrə yarışın final oyununu izləyiblər. Bu kateqoriya üzrə oğlanlar I, II yerlər üzrə mübarizə aparıblar.

2017-ci il badminton üzrə Azərbaycan çempionatı 5 kateqoriyaya əsasən keçirilir. Bu kateqoriyalardan 4-ü üzrə I, II, III yerlər artıq müəyyən olunub. Badminton üzrə Azərbaycan çempionatında ümumilikdə 37 nəfər olmaqla 16 qız 21 oğlan mübarizə aparıb və finala vəsiqə qazanan 24 nəfər təltif edilib.

Azərbaycan Texniki Universitetinin idman sarayının açılış mərasiminin təşkilinə Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı tərəfindən dəstək göstərilib.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində və Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Qubanın 38 ümumi təhsil müəssisəsində badminton bölmələri açılıb. Hazırda bu bölmələrdə badminton üzrə peşəkar məşqçilər və məktəblərin idman müəllimləri çalışır.