“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin açılışı olub
İyulun 3-də “Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi”nin açılış mərasimi keçirilib.
Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 276 nömrəli tam orta məktəbdə təşkil olunub.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və təhsil ekspertləri iştirak edib.
“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə yeni nəsil intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Yay məktəbi”nin təşkil olunması dövlətin məktəblilərə qayğısının nəticəsidir. Nazir müavini öz çıxışında qeyd edib ki, “Yay məktəbi” Bakı şəhərində 18 ümumtəhsil məktəbini əhatə edəcək. 6 həftə baş tutacaq “Yay məktəbi” zamanı 1000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyalar keçiriləcək, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil olunacaq. Məktəb iki mərhələdə - iyulun 3-dən 28-dək layihəyə daxil olan 18 məktəbin 5 və 6-cı, avqust 1-dən 31-dək isə 7 və 8-ci sinif şagirdləri üçün təşkil ediləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev “Yay məktəbi”nin şagirdlərin gələcək həyatına müsbət təsir edəcəyini və daha çox uğur qazanmalarına səbəb olacağını vurğulayıb.
Tədbirdə çıxış edən digər natiqlər də “Yay məktəbi”nin əhəmiyyətli olduğunu önə çəkib, şagirdlərə uğurlar arzulayıblar.
Mərasimin rəsmi hissəsindən sonra “Yay məktəbi” açıq elan olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparılmaqdadır.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30