Təhsil Nazirliyi 2016-cı ilin hesabatını verib
Mayın 1-də Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, ali məktəblərin rektorları, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edib.
Əvvəlcə Təhsil Nazirliyinin 2016-cı ildə təhsil sahəsində həyata keçirdiyi tədbirlər və yeniliklərlə bağlı “Təhsil” televiziyasının hazırladığı videoxronika nümayiş olunub.
Daha sonra Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsinin inkişaf dinamikası ilə bağlı təqdimatla çıxış edib.
Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin hesabat tədbirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb, belə görüşlərin təhsildə dəyişikliklərin aparılmasında mühüm əhəmiyyətini qeyd edib. Nazir təhsil sahəsində görülən işlər və qarşıda duran başlıca hədəflərlə bağlı cəmiyyətin rəyinin öyrənilməsinin, birgə müzakirələrin aparılmasının və ictimai dialoq mühitinin yaradılmasının vacibliyini bildirib. Bu prosesdə hesabatlılığın və şəffaflığın təmin edilməsi isə əsas şərtdir.
Təhsil Nazirliyinin son illər apardığı islahatlar çərçivəsində vətəndaş məmnuniyyətinin təmin edilməsinə, təhsilin əlçatan olmasına və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə önəm verildiyini açıqlayan Mikayıl Cabbarov, həmçinin təhsildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlərin görüldüyünü deyib. Məzunların zəruri kompetensiyalara malik olmasının vacibliyindən danışan təhsil naziri bildirib ki, onların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün qurumlar arasında kadr hazırlığı, uzun müddətli dəyərləndirmələrin hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq edilməsinə ehtiyac var.
Mikayıl Cabbarov son dövrlərdə müəllimlərin səriştəlilik səviyyəsi ilə bağlı müxtəlif diaqnostika və tədqiqatların aparılmasının onları daha yaxşı tanımağa, ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verdiyini deyib. Nazir qeyd edib ki, müəllim olmaq arzusunda olanların sayının artması, yüksək nəticə göstərmiş abituriyentlərin müəllimlik peşəsini daha çox seçməsi sevindirici haldır.
Tədbirdə çıxış edən millət vəkilləri və təhsil ekspertləri son illər təhsil sahəsində müsbət dəyişikliklərin müşahidə olunduğunu, cəmiyyətin məlumatlandırılması baxımından bu tədbirin əhəmiyyətini qeyd edib, həmçinin rəy və təkliflərini bildiriblər.
Təhsil Nazirliyinin 2016-cı il üzrə hesabatı
7 il əvvəl
Digər xəbərlər
-
Apellyasiya Şurasının növbəti iclası keçirilib
24.12.2024 - 17:00 -
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02