“Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçirilib
Dekabrın 15-də “ADA” Universitetində “Praktiki məsləhətlər üçün regional sessiya” adlı seminar keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, biznes strukturlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Rusiya Vençur Şirkəti”nin təşəbbüsü ilə təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd innovativ ekosistemin qurulmasına və yüksək texnologiyalar sahəsində sahibkarlığın inkişafına töhfə verməkdir.
Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə ilk dəfə olaraq keçirilən seminarın əhəmiyyətindən danışaraq bildirib ki, qlobal iqtisadiyyat, texnologiya, o cümlədən cəmiyyətimizdəki dəyişikliklər təhsil sahəsində də mövcud standartlara dəyişikliklər edilməsi, eyni zamanda yenilərinin tətbiqini zəruri edib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin bütün pillələrinin hərtərəfli inkişafına xüsusi diqqət ayrıldığını deyən nazir müavini qeyd edib ki, hazırda həyata keçirilən sahibkarlıq tədbirlərinin əsasını innovativ, dərin biliklərə və yüksək iqtisadi texnologiyalara söykənən insan kapitalının inkişafı təşkil edir.
Ceyhun Bayramov Təhsil Nazirliyinin dövlət və özəl sektordakı tərəfdaşlarla birlikdə ali təhsil müəssisələrində innovativ sahibkarlığın inkişafını gücləndirdiyini, bu sahədəki dünya təcrübəsinin fəal şəkildə öyrənildiyini vurğulayıb.
Daha sonra çıxış edənlər Azərbaycan universitetlərində fəaliyyət göstərən startaplardan, bu sahədə aparılan müvafiq işlərdən danışıb, yüksək texnologiyalar sahəsində yeni layihələrin başlanılması və biznesin inkişafı üçün yaxşı imkanlar olduğunu bildiriblər.
İki gün davam edəcək seminarda ali təhsil müəssisələrinin müəllim və yuxarı kurs tələbələrinə innovativ sahibkarlıq fəaliyyəti üzrə biliklər aşılanacaq. Həmçinin keçiriləcək intensiv təlimlər zamanı startap sahibkarlara biznes ideyalarının kommersiyalaşdırılması, potensial investorlara isə sərmayələri üçün perspektivli sahələri təyin etmələri məqsədilə təkliflər veriləcəkdir.
8 il əvvəl
Digər xəbərlər
-
“Danışır təcrübə” layihəsinin qonağı Həsən Həsənov olub
13.05.2025 - 17:00 -
"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
13.05.2025 - 14:50 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13.05.2025 - 11:30 -
Elm və təhsil naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
12.05.2025 - 17:55 -
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
10.05.2025 - 12:10