14.11.2016

Beynəlxalq seminar öz işinə başlayıb

Noyabrın 14-də  “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiÜmumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) əməkdaşlığı çərçivəsində təşkil olunan seminarın əsas məqsədi yeni iqtisadi siyasətə uyğun olaraq  elm və təhsil ocaqlarının innovativ inkişafdakı yerinin möhkəmləndirməsidir.

Seminarda açılış nitqi söyləyən təhsil naziri Mikayıl Cabbarov bildirib ki,  elmi-texniki tərəqqi əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb edir. Bunu nəzərə alaraq, dövlət müstəqilliyi bərpa olunduqdan  sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb.

Nazir qeyd edib ki, son illər respublikamızda əqli mülkiyyətin, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində zəruri qanunverici və institusional tədbirlərin həyata keçirilməsi davam edir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə xüsusi yer ayrılıb.

2016-cı ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələr daxil edilib.

Mikayıl Cabbarov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən artıq dərslik və dərs vəsaiti, 10 000-dən çox elmi məqalə və məruzə tezisi nəşr olunduğunu diqqətə çatdırıb.

MHA-nın sədri Kamran İmanov qeyd edib ki,  konfrans Təhsil Nazirliyinin təşəbbüsü və ÜƏMT-nin dəstəyi ilə keçirilir. Kamran İmanov  əqli mülkiyyət siyasətinin mahiyyətindən, ÜƏMT ilə əməkdaşlıqda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, ali məktəblərin və təcrübi-konstruktor müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində bu cür beynəlxalq görüşlərin müsbət rolunu qeyd edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, ÜƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Şvantner seminarın elm və təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə, tərəflər üçün faydalı olacağına əminliklərini bildiriblər.

Tədbirdə mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

İki gün davam edəcək beynəlxalq seminarda dövlət orqanlarının, təhsil müəssisələrinin nümayəndələri və xarici mütəxəssislər məruzə ilə çıxış edəcəklər.


Açar sözlər: ,  ,