Əbu Dabidə Azərbaycan Təhsil Nazirliyinin “SABAH” proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir
2006-cı ildə təsis edilmiş Paris Sorbon Universiteti-Əbu Dabidə fevralın 9-13-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “SABAH” (Savadlı, bacarıqlı və hazırlıqlı) proqramının professor-müəllim heyəti üçün təlimlər keçirilir. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat verilib.
Fevralın 9-da təlimlərin açılışı olub. Universitetin rektoru professor Erik Fuaşın dəvəti ilə açılış mərasimində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov da iştirak edib.
Rektorun nitqindən sonra çıxış edən səfir ali təhsil ocağının rəhbərliyini və “SABAH” proqramının iştirakçılarını salamlayaraq, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzu edib.
Dəvətə görə E.Fuaşa təşəkkürünü bildirən səfir D.Şikarov Sorbon Universitetinin zəngin və qədim tarixindən və ənənələrindən bəhs edib, bu möhtəşəm ali təhsil ocağının oturuşmuş təcrübəsi sayəsində beynəlxalq təhsil bazarında layiqli yer tutduğunu vurğulayıb.
Səfir təhsilin hər bir ölkə və xalqın gələcəyi olduğunu vurğulayaraq, qloballaşan dünyada keyfiyyətli təhsil sistemlərini və metodologiyaları mənimsəmək imkanlarının daha da genişləndiyini qeyd edib, bu xüsusda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda təhsilə verilən xüsusi önəmə yönəldib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qərara uyğun olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsis edildiyini xatırladan səfir bu proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın ən qabaqcıl ali təhsil müəssisələrində təhsil aldıqlarını nəzərə çatdırıb. O, Azərbaycanda digər xarici qabaqcıl təhsil müəssisələri ilə yanaşı, Bakı Fransız Liseyinin də fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 10 il ərzində istər ölkə daxilində, istərsə də xaricdə minlərlə məktəbin inşa edildiyi vurğulanıb.
Səfir Paris Sorbon Universiteti-Əbu Dabinin “SABAH” proqramı çərçivəsində Azərbaycanın ali təhsil ocaqlarının professor-müəllim və tələbə heyətləri ilə praktiki əməkdaşlığı bundan sonra da davam etdirəcəyini, ölkəmizin təhsil sisteminə öz dəyərli töhfələrini verəcəyini söyləyib. Azərbaycanın səfirliyinin bu işdə yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
E.Fuaş Azərbaycan səfirinə universitetin xatirə hədiyyəsini təqdim edib.
Sonra dəf, tar və saz ifaçılarından ibarət musiqi triosunun, eləcə də əlində nar saxlayan azyaşlı qızın əks olunduğu rəsm əsəri rektora təqdim edilib.
Daha sonra Azərbaycanın Təhsil Nazirliyinin “SABAH” qruplarının müəllimləri ilə iş üzrə rəhbəri İlhamə Rəhimova çıxış edib, universitetin MDB ölkələri (Ermənistan istisna olmaqla) ilə iş üzrə müşaviri İmran Muxtarov ikitərəfli əməkdaşlığa dair geniş təqdimatla çıxış edib.
AZƏRTAC
8 il əvvəl
Digər xəbərlər
-
"Dövlət satınalmaları haqqında yeni qanun: bir ilin təcrübəsi və çıxarılmış dərslər" mövzusunda təlim keçirilib
21.12.2024 - 18:00 -
Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
21.12.2024 - 13:44 -
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
20.12.2024 - 19:00 -
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
20.12.2024 - 17:45 -
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
20.12.2024 - 17:02