“Olimpiya Hərəkatı” idman proqramı
Dekabrın 17-də “Olimpiya Hərəkatı” adlı yeni idman proqramı ilə bağlı mətbuat konfransı keçirilib.
“Olimpiya Hərəkatı” proqramı Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə icra olunur. Proqramın əsas məqsədi “Bakı 2015” Birinci Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəbliləri yüngül atletika, veloidman, basketbol (3x3) və badminton idman növləri üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etmək, şagirlərə sağlam və aktiv həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya Hərəkatı” proqramı müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə uşaqların, həmiçinin onların valideynlərinin fiziki aktivliyinin artmasına təkan verir.
Mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər. Həmçinin, Atletika, Badminton, Basketbol və Velosiped idman federasiyalarının rəsmi nümayəndələri də konfransa qatılıblar.
Konfransda çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya Hərəkatı” proqramı haqqında ətraflı məlumat verib: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərib. Bu layihənin icrasına görə Coca-Cola şirkətinə də təşəkkürümü bildirirəm. Coca-Cola şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. 4 idman növünü birləşdirən bu layihədə dəstəyinə görə Coca-Cola, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə bərabər müvafiq idman federasiyalarına layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə dərin minnətdarlığımı bildirirəm”.
Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışıb. Nazirin sözlərinə görə, Olimpiya Hərəkatı çərçivəsində 330-dan çox ümumi təhsil məktəbindən 50 000-ə yaxın məktəblinin proqrama cəlb olunması təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yuksək göstəricidir. Onlardan 10 000-ə yaxını rayon birinciliklərində və 1000-dən artıq məktəblinin Bakı finalında iştirakı gözlənilir. Mikayil Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman mərkəzlərinin sayının 12-yə çatdığını qeyd edib.
Gənclər və idman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: “Bu proqramın Azərbaycanda keçirilməsi həm ölkəmizin inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq böyük stimuldur. İlk Bakı birinciliyinə 50 000 şagirdin qoşulması sevindirici haldır.“Olimpiya Hərəkatı” proqramı əhalinin, gənclərin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm”.
Azərbaycan Coca-Cola Bottlers şirkətinin Baş müdiri Cem Becel də tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən Coca-Cola 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək oluruq. Coca-Cola sistemi olaraq Avropa Oyunları sosial irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq”.
9 il əvvəl
Digər xəbərlər
-
"Dövlət satınalmaları haqqında yeni qanun: bir ilin təcrübəsi və çıxarılmış dərslər" mövzusunda təlim keçirilib
21.12.2024 - 18:00 -
Nazirliyin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
21.12.2024 - 13:44 -
"Strateji kommunikasiya" mövzusunda təlim keçirilib
20.12.2024 - 19:00 -
Gənc tərbiyəçi-müəllimlər üçün Təhsil Forumu keçirilib
20.12.2024 - 17:45 -
"2022-2028 Dövlət Proqramı" məzunları ilə şəbəkələşmə görüşü baş tutub
20.12.2024 - 17:02