07.12.2015

Məktəb icmaları layihəsinin təqdimatı keçirilib

Dekabrın 7-də Bakı şəhərindəki 60 nömrəli tam orta məktəbdə məktəb icmalarının yaradılması üzrə pilot layihənin təqdimatı keçirilib.

Təqdimatda bildirilib ki, şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. Məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib. Hazırlıq dövründə pilot layihənin icra olunduğu məktəblərdə valideynlərin də fikirləri öyrənilib və nəzərə alınıb.

Təqdimatda qeyd olunub ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri www.community.az saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər.

Artıq icmalar yaranan məktəblərdə ilkin müsbət nəticələr qeydə alınır. Belə ki, icmaların fəaliyyəti nəticəsində məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə dəyişikliklər var. Valideynlər məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar. Qeyd olunub ki, indi uğurlu məktəb formulu valideyn, şagird və müəllimlərin birgə məktəb həyatında iştirakına çox bağlıdır. Tərəflərdən birinin prosesdən kənarda qalması lazım olan nəticəni almağa imkan vermir.

Daha sonra təqdimatda 60 saylı orta məktəbdə yaradılmış məktəb icmasının gördüyü işlər barədə məlumat verilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb. Layihənin həyata keçirilməsinə qədər olan mərhələdə “Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülub, valideyn və müəllimlər üçün tədris-seminarlar təşkil olunub.